Səfiyar Məcnun

Köşə yazarı

11:57 21 Noyabr 2017 14759
A- A+

"Salam, aay Zaur - "Mənəm e.. elçi gəldiyin 9-da oxuyan qız"

Salam Zaur. Mənəm e... elçi gəldiyin qız. 9-da oxuyan. O arzuları olan uşaq. Bizə gəlməyinin səbəbi haqqında sənlə danışmaq istəyirəm.

Gəl, zarafatı bir kənara qoyaq, ciddi danışaq. Sən yeriməyində, danışmağında zaursan, amma hara yeridiyində, nə danışdığında kamal deyilsən. Buna səni "5-də 5" əmin edirəm. Gələn sətirbaşında adının və ləqəbinin mənalarının hərəkətlərinlə uzlaşmadığını sübüt etməyə çalışacam. Əvvəlcə yanına salıb gətirib-apardıqların barədə: onların şəkər, təzyiq kimi onlarla tibbi problemi var.

Bu günə, sabaha xəstəlik onları aparar. Sən verilişini apardığın kimi. Xətrinə dəyməsin e... bir bacı kimi yazıram sənə. O qədər "Sara"nı "sel"lər aparıb ki. İndi bir Zaur da bir veriliş, Arxasınca bir "devriliş", qabağında bir "çevriliş" aparsa nolar ki?! Apar qardaşım! Apar! Rəmişləri də qəmiş elə özünə, Sezen Aksunun "gidiyorum" şarkısı sədaları altında apar tök "Xəzərə". "Nişanlı qalar dəə, nə var ki, burda?!" deyən qoltuğu şokoladlı xalanı da "Twix"in sol çubuğunun zavoduna apar. Orada çox danışanın ağzına yapışqan yapışdıran cihaz var. Sonra o cihazı Elzaya apar. Elzanı Terminologiya Komissiyasına apar. Apar qardaşım, apar. Əlinə keçəni, ağlına gələn yerə apar. Bircə məni ərə aparma.

Bax, gül kimi uşaqsan. Özü də soyadın Gülməmmədov olub. Bəlkə də indi də Gülməmmədovdur. Kamal ləqəbi də söz olaraq yaraşır Zaur adına. Amma deyim biləsən ki, Zaur (zair) sözü ərəb sözü olub, "qonaq", "baş çəkən", "ziyarət edən" mənalarını, Kamal isə dilimizdə "kamillik", "yetkinlik", "elm", "ürfan", "fəzilət" mənalarını daşıyır. Amma aparmır. Gücü ancaq daşımağa çatır. Sən gör nə qədər güclü adamsan ki, bu ləqəbi yetkinliyə daşımaqla yanaşı, yetkinlik yaşına çatmayanlara da apara bilirsən. Apar qardaşım. Apar. Ləqəbinin mənasını adın kimi bütün qapılara apar. Bircə bizim qapıya aparma.

Gəl, bir az da dünyəvi məsələlərə toxunaq. Amma sən canı bunu da aparma. Eləcə toxun. Baxma, mövzu dünyadı. Birdən aparmaq fikrinə düşərsən, deyim biləsən ki, içində "NASA" zad var. "NASA" Zaur, "NASA". "National Aeronautics and Space Administration". Nəysə... Deməli, aaay Zaur, evlənmək, ərə getmək insan üçün əsas missiya deyil. Daha önəmli, ciddi, missiyalar var. Düzdü, bəşəriyyət cütləşməklə ayaqdadır, amma təbiət fərdiyyət tanımır. Təbiətə Amerikada Conun evlənmədən sahib olduğu uşaqla, Azərbaycanda evlilikdən olan uşağın heç bir fərqi yoxdur. Mən isə urus ataların "не плоди нищету" sözünü daha üstün tuturam. İndi bu cümləni tərcüməyə apar...

Səfiyar Məcnun

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI