İkinci "Liviya" təhlükəsi

İkinci "Liviya" təhlükəsi
13:17 23 Aprel 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, "Ərəb baharı" başladığı dövrdən sabitliyin pozulduğu ölkələrdən biri olan Yəməndə husilərin ayağa qalxması və paytaxta nəzarəti ələ keçirməsindən sonra irimiqyaslı silahlı qarşıdurmanın yaranması ilə vəziyyət daha da gərginləşib. Prezident Əbd Rabbu Mənsur Hadinin müraciəti əsasında Səudiyyə Ərəbistanı üsyançıların paytaxt Sənadan çıxarılması üçün martın 26-dan havadan hərbi əməliyyatlara başlayıb. ABŞ başda olmaqla Qərb dövlətləri bu əməliyyatlara loyal yanaşır. Sənanın üsyançıların əlinə keçməsi səbəbindən paytaxt müvəqqəti olaraq Ədən şəhərinə köçürülüb, lakin husilərin nəzarətinə keçən bu şəhərdə də döyüşlər davam edir. Əslində, 2014-cü ildən daha intensiv xarakter alan husi üsyanları nəticəsində Hadi artıq ikinci dəfədir ki, hakimiyyətini itirib.

Xatırladaq ki, Yəməndə çevriliş nəticəsində Əli Abdullah Salehin vəzifəsindən uzaqlaşdırılmasından sonra 2012-ci ildə alternativsiz seçkilərdə Əbd Rabbu Mənsur Hadi prezident seçilib. Seçkinin ardınca yaradılan Ümummilli dialoq şurası yeni konstitusiya layihəsini hazırlamalı idi, lakin ölkədəki siyasi hərc-mərcliklər səbəbindən bu hələ də mümkün olmayıb. Devrilmiş prezident Əli Abdullah Salehin tərəfdarlarının husilərlə birləşməsi onların gücünü daha da artırıb.

Əli Salehin 33 illik idarəçiliyinin uğuru, əsasən, onun müxtəlif tayfaların maraqları arasında manevr etmək bacarığı və qətiyyətli addımları ilə izah olunur. Lakin Mənsur Hadi zəif lider hesab olunur və məhz onun hakimiyyəti dövründə ölkədəki müxtəlif siyasi və silahlı qrupların daha da gücləndiyi güman edilir.

Qeyd edək ki, husilər şiəliyin zeydilik təriqətinə mənsubdurlar. Bu səbəbdən də onların üsyanı Səudiyyə Ərəbistanı ilə İranın geosiyasi rəqabətinin kəskinləşməsi fonunda sünni-şiə qarşıdurması kimi dəyərləndirilir. Lakin heç də bütün ekspertlər bu cür düşünmür. Bəzilərinə görə, əsasən, zeydilərin yaşadığı Yəmənin şimal bölgəsi hər zaman şiələrə məxsus olub və Əli Abdullah Salehin dövründə də bu belə olub. Ona görə də ölkənin şimal hissəsində husilərin nəzarəti ələ keçirməsi ölkənin konfessional xəritəsini dəyişməyib (bax: Йемен – по следам Афганистана? / "Russian Council", 3 aprel 2015).

Yəmənin İranın təsiri altına düşməsi təhlükəsi barədə iddialar digər ərəb ölkələrini də bu məsələdə Səudiyyə Ərəbistanını dəstəkləməyə vadar edir. Bu yanaşma İrana ehtiyatla yanaşan beynəlxalq ictimaiyyətin mövqeyinə də təsir edir.

Yəməndəki proseslər öz mürəkkəbliyi ilə seçilir. Ölkədə baş verənləri anlamaq üçün ölkənin geosiyasi mövqeyi və "Ərəb baharı" dalğasından sonra baş verənlərlə yanaşı, bir qədər tarixi keçmişə də nəzər yetirmək lazımdır.

Hesab olunur ki, Səudiyyə Ərəbistanı cənublulara yardım etməklə Yəmənin şimalını zəiflətməyi qarşıya məqsəd qoyub. Çünki birincisi, Yəmənin cənubu Səudiyyə Ərəbistanı üçün şimal qədər təhlükəli deyil. İkincisi, cənubdakı siyasi dairələr dağınıqdır, bu isə daxili ziddiyyətlərdən yararlanmağa imkan verir. Şimalda isə iki əsas qüvvə özlərini "Ənsar Allah" adlandıran husilər və Ümummilli şura mövcuddur. Onlarla dialoq rəsmi Ər-Riyad üçün o qədər də asan deyil. Nəhayət, şimalda tayfa quruluşu dövlət institutlarından daha yaxşı inkişaf etdiyi halda, cənubda bu əksinədir (bax: əvvəlki mənbə).

Görünür, bu onunla əlaqədardır ki, Yəmənin cənubu 1967-1990-cı illərdə sosialist Yəmən Xalq Demokratik Respublikasının tərkibində olub, burada müasir siyasi təsisatların yaradılmasına daha böyük diqqət yetirilib. Lakin son illərdə "əl-Qaidə" bölgədə məskən salıb. Ölkənin şimalı isə zeydilik təriqətinin təsiri altında olub. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində bu təriqətin nümayəndələri Osmanlı idarəçiliyinə qarşı mübarizə apardıqları üçün imperiyanın rəqiblərindən dəstək görüblər. 1918-1962-ci illərdə ölkədə rəhbərləri zeydilik təriqətinə mənsub olan Mütəvəkkiliyyə Krallığı mövcud olub. 1990-cı ildə şimalla cənubun birləşməsinə qədər də zeydilər Yəmən Ərəb Respublikasında aparıcı qüvvə olublar.

Husilərin qəzəbli üsyanının səbəbi kimi o da göstərilir ki, "Ərəb baharı" zamanı prezident Əli Abdullah Salehin devrilməsində onlar da fəal iştirak ediblər, lakin çevrilişdən sonra yaradılan hakimiyyətdə təmsil olunmayıblar. Buna görə də özlərini aldadılmış hesab edən husilər mübarizəni davam etdirirlər.

Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı gerçəkləşdirdiyi hava hücumları Avropa İttifaqı tərəfindən bir qədər narahatlıqla qarşılanır. Aİ Liviya və Suriyadan fərqli olaraq, Yəməndə keçirilən hərbi əməliyyatlara daha ehtiyatla yanaşır, məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Bu cür yanaşmanın mümkün səbəbi kimi, bir neçə amil göstərilir. Bunlardan biri, Liviya, Suriya, İraq və digər nümunələrdən də göründüyü kimi, müharibə və xaosun terrorizmə əlverişli şərait yaratmasıdır. İkincisi, Aİ-nin rəsmi statistikasına görə, İttifaq ölkələrinin qaza olan tələbatının 7 faizi, neftə olan tələbatının isə 12 faizi Fars körfəzi ölkələri olan Qətər, Səudiyyə Ərəbistanı, İraq və Küveytdən idxal olunur. Bölgədən keçən enerji marşrutlarında yaranan maneələr Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər (bax: Почему ЕС не торопится в Йемен? / "Regnum", 11 aprel 2015).

Başqa bir tərəfdən isə Səudiyyə Ərəbistanının genişmiqyaslı və uzunmüddətli müharibəyə cəlb olunması dünya bazarlarında neftin qiymətinin yüksəlməsinə gətirib çıxara bilər. Çünki bəlli olduğu kimi, hazırda neftin qiymətinin aşağı həddə saxlanmasında əsas rol oynayan ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Bəzi ekspertlər bunu ABŞ-la razılıq əsasında Rusiyaya təzyiq, digərləri isə Səudiyyə Ərəbistanının əsas regional rəqibi hesab olunan İrana qarşı addımı kimi qiymətləndirirlər. Lakin istənilən halda, hərbi xərclərinin artması Səudiyyə Ərəbistanının neftin qiymətini aşağı həddə saxlamasını çətinləşdirəcək.

İndiki mərhələdə Rusiya tərəfi bu münaqişədə daha çox humanitar məsələlərlə bağlı fəaliyyət nümayiş etdirərək, Yəməndəki Rusiya və digər ölkələrin vətəndaşlarını təyyarələrlə ölkədən çıxarır. Lakin sonuncu belə uçuşlardan biri Səudiyyə Ərəbistanının təyyarənin öz hava məkanından keçməsinə razılıq verməməsi səbəbindən baş tutmayıb. Səudiyyə Ərəbistanı tərəfi bu addımı rəsmi olaraq təhlükəsizlik tədbirləri ilə əlaqələndirsə də, bu vəziyyət iki ölkə arasındakı siyasi münasibətlərin vəziyyətindən xəbər verir.

Hadi tərəfdarları və husilərlə yanaşı, Yəməndə İŞİD-ə dəstək verdiyini elan edən "əl-Qaidə" üzvləri, cənubun müstəqilliyinə çalışan separatçılar, "əl-İslah" partiyasının silahlıları və müxtəlif tayfaların hərbi qüvvələri bir-birinə qarşı savaşır. Başqa bir tərəfdən, Səudiyyə Ərəbistanının müdaxiləsi ilə yanaşı, digər region ölkələrinin də prosesə cəlb olunma ehtimalı var.

Yəməndəki proseslərə maraq həm də ölkənin mühüm geosiyasi və geoiqtisadi xüsusiyyətləri ilə bağlıdır. Yəmən sahillərindən Qırmızı dənizə çıxışın mühüm hissəsinə nəzarət etmək mümkündür. Ədən körfəzinə nəzarət mühüm neft marşrutlarına nəzarət etmək deməkdir. Üstəlik, bölgə somalili dəniz quldurlarının aktiv olduğu yer sayılır. Buraya nəzarətin zəifləyəcəyi təqdirdə quldurlar bölgə sularındakı ticarət marşrutlarına böyük zərbə vura bilərlər (bax: Все против всех: как Йемен пришел к катастрофе / "Forbes", 8 aprel 2015).

Burada diqqəti çəkən başqa bir məqam Yəməndəki hadisələrlə İranla "altılıq" ölkələri arasında nüvə danışıqlarının irəliləyişi arasındakı paralellikdir. Belə ki, İranın nüvə proqramı üzrə çərçivə razılaşmasının əldə olunması ərəfəsində Yəməndə kulminasiya həddinə yaxınlaşan proseslər beynəlxalq medianın diqqət mərkəzinə gəldi. Mənsur Hadi hökumətinə yardım etməyə çalışan Səudiyyə Ərəbistanı ilə husiləri dəstəkləyən İranın qarşı-qarşıya durmasına və rəsmi Vaşinqtonun Ər-Riyadın addımlarını müdafiə etməsinə baxmayaraq, nüvə proqramı üzrə ABŞ-İran razılaşması müsbət istiqamətdə irəliləyirdi. Lakin İran tərəfinin razılaşma çərçivəsində bütün sanksiyaların aradan qaldırılmasını tələb etməsi danışıqların davamının heç də asan olmayacağını deməyə əsas verir. Güman etmək olar ki, Yəmən hadisələrində İranın bundan sonra nümayiş etdirəcəyi mövqe onun ABŞ-la münasibətlərinə və nüvə danışıqlarına da təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Səudiyyə Ərəbistanının Yəməndəki proseslərə aktiv müdaxiləsi regionda kimin söz sahibi olduğunu İrana göstərmək niyyəti də daşıya bilər.

Beləliklə, Yəmən daxilindəki müxtəlif siyasi qüvvələrin hakimiyyət savaşı müəyyən maraqları olan xarici dairələrin də müdaxiləsi ilə daha mürəkkəb xarakter alır. Ölkə daxilində milli birlik və güclü mərkəzi hakimiyyət yaradacaq siyasi qüvvənin olmaması Yəməni müxtəlif qrupların idarə etdiyi, terrorizmin ayaq açdığı "ikinci Liviya"ya çevirə bilər.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR