Saymon Kleq: “Nəinki Azərbaycanın, Avropanın idman tarixini yaradırıq”

17:27 23 Aprel 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 17:19 ]


Bakı – APA. “Avropa Oyunlarının Təşkilat Komitəsinin yazdığı tarixin çox əlamətdar bir günüdü. Çünki bu gün biz yarışın açılışına 50 gün qalmasını qeyd edirik. I Avropa Oyunları ilə bağlı cəmi 50 gündən sonra bütün dünya Azərbaycanı seyr edəcək”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

 

O, Avropada ilk dəfə təşkil olunacaq yarışın açılış mərasiminə 50 gün qalması münasibətilə təşkil edilən tədbirdə bildirib ki, Oyunlara ev sahibliyi etməyimiz Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdi: “Bu, həmçinin bizə gözəl, gənc, dinamik inkişaf edən ölkəni bütün dünyaya tanıtmaq üçün imkan yaradır. Biz burada nəinki Azərbaycanın, Avropanın idman tarixini yaradırıq. Təbii ki, ölkə prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, onun mövqeyi və bu işə bağlılığı olmasaydı, bütün bunlar mümkünsüz olardı. Buna görə də uzun müddət öz qəlbində saxladığı bu xülyanı məhz Əliyevin dəstəyi ilə Avropa olimpiya komitələri həyata keçirə bildi. İnanıram ki, cəmi 50 gündən sonra Azərbaycan bizim həyata keçirdiyimiz bu layihədən olduqca fərəhlənəcək”.

 

Kleq sabahdan yarış iştirakçılarının maneəsiz idman obyektlərinə getməsi üçün ayrılacaq zolaqlar barədə də danışıb. Onun sözlərinə görə, bu zolaqlar mayın sonlarından qüvvədə olacaq: “Əlimizdən gələni edirik ki, şəhərin gündəlik həyatını, iş rejiminə mümkün qədər az maneə yaradaq. Məqsəd burada olan həyat tərzinin öz axarı ilə davam etməsidi”.

 

Əməliyyatlar üzrə baş direktor bilet satışı ilə bağlı son məlumatları da açıqlayıb. O bildirib ki, satışdan çox məmnundu: “Bildiyiniz kimi, biletlər artıq satışdadı. Tələsin, biletləri əldə edin ki, Bakı-2015 oyunlarını siz də seyr edəsiz. Biletlərin satışı prosesindən razıyam, məmnunam. Bu iş gedir. Paytaxtda bir neçə yerdə satış mərkəzləri qurulub və bu, davam edir. İnsanlar tərəfindən böyük maraq var və böyük növbələr də müşahidə olunur. Dəqiq rəqəm söyləyə bilməyəcəm. Lakin hər gün satış prosesini monitorinq edirəm. Bir sözlə, biletlər satılır və qurtardıqda bununla bağlı məlumat verəcəyik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR