İrəvanda aclıq aksiyası

İrəvanda aclıq aksiyası
16:57 23 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Əsas tələb həbsdə olanların azad edilməsidir
Artıq bir neçə gündür ki, Ermənistan paytaxtında Qarabağda separatçı hərbi əməliyyatlarda iştirak etmiş Xaçik Avetisyan müxalif “Təsisçilər Parlamenti” təşkilatının liderləri və fəallarının həbsdən azad edilməsi tələbi ilə aclıq aksiyası keçirir. Müharibə veteranı ötən həftə “24 aprel tarixində kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq” ittihamı ilə həbs olunmuş “Təsisçilər Parlamenti”nin 5 üzvündən başqa, daha 11 siyasi məhbusun azad edilməsini tələb edir. Onunla birlikdə 50 müharibə veteranı da meydanda aclıq aksiyasına başlayıb. Onlar həmçinin “hərbi veteranların haqları uğrunda” fasiləsiz etiraz aksiyaları keçirən və ötən il fırıldaqçılıq maddəsi üzrə 6 il müddətinə həbsə məhkum edilmiş polkovnik Volodya Avetisyanın və xuliqanlıq maddəsi ilə 1 ildən 7 ilədək azadlıqdan məhrum edilmiş Şant Harutunyan və onun yoldaşlarının azad edilməsini tələb edirlər. X.Avetisyan bildirib ki, əgər həbs edilənlər azad edilməyəcəklərsə, onlar yenidən mitinq təşkil edəcəklər. O, mitinqdə iştirak edənlərə hərbi formada gəlmələrinə dair çağırış edib.

Ən maraqlısı odur ki, ermənilər digər müharibə veteranı, Şuşanın işğalının iştirakçısı Jirayr Sefilyanın həbsinə Vladimir Putinin göstəriş verdiyini iddia edirlər. Bu barədə erməni rejissor Tiqran Xzmalyan bildirib. Onun fikrincə, müxalifətçi “Təsisçilər Parlamenti” hərəkatının üzvü olan J.Sefilyanın və onun silahdaşlarının həbsi məhz Rusiya prezidentinin göstərişi əsasında gerçəkləşdirilib. “Biz bir saniyə də unutmamalıyıq ki, bu marionetlər kimin qulu, kimin əlaltısıdır” - deyə rejissor Serj Sarkisyan hakimiyyətini tənqid edib. Beyrutda anadan olmuş polkovnik J.Sefilyan gənc yaşlarında Livandakı vətəndaş müharibəsinin iştirakçısı olub. 1990-cı ildə hərbi təlimatçı kimi Ermənistana gəlib və 1991-ci ildə dinc azərbaycanlılara divan tutan erməni silahlı birləşmələrinin tərkibində Qarabağa gəlib. Şuşanın işğalında iştirak edən erməni birləşmələrinin rəhbərlərindən biri olub. 2000-ci ilə kimi Ermənistan ordusunda rəhbər vəzifələrdə işləyib. Həmin ildən siyasətə qoşulub və radikal müxalifətə keçib. 2006 - 2008-ci illərdə həbsdə yatıb. 2015-ci il aprelin 7-də isə yenidən həbs edilib.

Yeri gəlmişkən, veteranların aksiyaları ilə yanaşı, əsgər analarının da aksiyaları səngimir. Hakimiyyət üçün əlavə bir problem orduda ölən əsgərlərin sayının artmasına görə keçirilən etiraz aksiyalarıdır. Vaxtaşırı əsgər anaları İrəvanda etiraz aksiyası keçirirlər. Onlar övladlarının ölümü ilə bağlı cinayət işlərinin açılmamasına görə hakimiyyətdən izahat tələb edirlər. Əsgər anaları hərbi qulluqçuların həlak olması ilə bağlı cinayət işlərinin açılmamasının hakimiyyətin sifarişi olduğunu bəyan edirlər. Xüsusən də qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin valideynləri orduda biabırçı vəziyyətin hökm sürdüyünü bildirirlər. Aksiyada iştirak edən əsgər anaları bildiriblər ki, 4 il əvvəl prezident sarayının qarşısında keçirilən aksiya zamanı S.Sarkisyan cinayət işlərinin araşdırılmasının ədalətli aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verib. Lakin bu vaxtadək sözünü yerinə yetirməyib.

Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi vəziyyət günbəgün ağırlaşır. Məsələn, Fransadakı erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” adlı jurnal yazır ki, Ermənistan əhalisinin 967 min nəfəri, yəni 32 faizi kasıbdır və aldıqları cüzi əmək haqqı ilə çox çətin dolanırlar. Əslində buna heç dolanmaq da demək mümkün deyil. Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edən jurnalda bildirilir ki, korrupsiyaya qurşanan və var-dövlət toplamaq hərisi olan erməni rəsmilərinin apardıqları daxili siyasət ölkə əhalisinin getdikcə kasıblaşmasına və yoxsulluğun son həddində yaşamasına gətirib çıxarıb. Özü də burada idarənin məlumatının tam həqiqəti əks etdirmədiyi, Ermənistanda kasıblıq həddində yaşayanların sayının daha çox olduğu vurğulanır. “Aykakan jamanak” qəzeti isə yazır ki, cari ilin birinci rübündə Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi olduqca cüzi olub. Qəzet Ermənistanın İqtisadiyyat Nazirliyindəki mənbəyə istinad edir və qeyd edir ki, indiyədək bu dərəcədə ağır vəziyyət olmayıb: “Xarici investisiyaların həcmi barədə rəsmi məlumat yalnız may ayında açıqlanacaq, lakin ilkin mənzərə artıq faciəvidir. Olduqca az investisiyalar energetika, dağ-metallurgiya və kənd təsərrüfatı sahələrində olub. Ümumilikdə investisiyaların həcmi 10 milyon dollara yaxın məbləğdə olub, lakin son illərdə bu göstərici 120-150 milyon dollar təşkil etmişdi”.

Bütün bunlar, həqiqətən də, Ermənistanda faciəvi durumun yaranmasından xəbər verir.

Ermənistanın “Joxovurd” qəzeti isə Avrasiya İqtisadi İttifaqına üzvlükdən sonra ölkənin çox çətin duruma düşdüyünü, son 6 ayda Ermənistan iqtisadiyyatının tamamilə bərbad durumda olduğunu bildirir: “Avrasiya İttifaqına üzvlük Ermənistana ağır zərbə oldu. Özünü hakimiyyət elan etmiş insanlar bu təşkilata ümidlə baxmağa çalışırlar, amma hər şey nəticəsizdir. Serj Sarkisyanın Avrasiya İqtisadi İttifaqına daxil olmaq haqqında sənədi imzalamağa getdiyi gündən 6-7 ay keçir. Bu vaxt ərzində səslənmiş proqnozların əksəriyyəti onu göstərdi ki, Avrasiya İqtisadi İttifaqında Ermənistanın üzvlüyü ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir. İddia olunurdu ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bazarlarına, xüsusilə də Rusiya bazarına çıxmaqla iqtisadi dirçəlişə nail olacaq. Ancaq hər şey əksinə oldu, Rusiya bazarı hamı üçün, o cümlədən Ermənistan üçün bağlandı. İndi bu ölkə ilə alver etmək mümkün deyil, milli valyutanın məzənnəsi tamamilə ölü vəziyyətindədir”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR