"Bakını qaytarmaq üçün İrəvandan keçmək şərt idi" - Solmaz Tohidi

"Bakını qaytarmaq üçün İrəvandan keçmək şərt idi" - Solmaz Tohidi
18:28 14 Sentyabr 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

"Sabahki əlamətdar gün Bakı şəhərinin işğaldan azad edilməsi ilə bağlı olsa da, nəticə etibarilə yalnız Bakının deyil, Azərbaycan torpaqlarının işğaldan azad olunması, eləcə də Bakının paytaxt olaraq yenidən azərbaycanlılara qaytarılmasının günüdür. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin, xalqın varlığının, Azərbaycan dövlətçiliyinin taleyinin həllində böyük rol oynadı".

Bu sözləri Publika.az-a tarix elmləri doktoru, professor Solmaz Tohidi Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı danışarkən deyib. O bildirib ki, mart hadisələrindən başlayaraq iyunun ortalarına qədər Bakı quberniyasının 6 qəzası tamamilə bolşevik-erməni işğalı altında idi:

“Əhalinin 50 min nəfəri öldürülmüş, 300-500 min nəfər qaçqın halında çöllərə səpələnmişdir. Onlardan 200-300 min nəfəri isə İrəvan, Zəngəzur, Qarabağ quberniyalarından gələn qaçqınlar təşkil edirdi. İnsanlar arasında güclü epidemiya yayılmışdı, aclıq, qorxu insanların ölümünə səbəb olurdu. Belə bir vəziyyətdə Azərbaycan qüvvələri xalqın taleyini həll etmək məsuliyyətini öz üzərinə götürdü. 28 mayda Azərbaycanın Xalq Cümhuriyyətini elan etsələr də, bu bəyanat deklorativ xarakter daşıyırdı. Yəni o ərəfədə real olaraq dövlətin qurulması imkanları hələ yox idi. Gəncə müvəqqəti paytaxt elan edilsə də, iyunun 10-dan 12-16 minlik bolşevik ordusu Gəncəyə getdi ki, azərbaycanlıların son milli hərəkatının mərkəzini dağıtsınlar. Həmin ərəfədə Gəncə işğal edilsəydi, bu günki Azərbaycan mövcud olmayacaqdı. Torpaqlarımızın ərazisi Rusiya, Ermənistan, Gürcüstan arasında bölünəcəkdi, əhalinin vəziyyəti isə təbii olaraq acınacaqlı olacaqdı. Kifayət qədər güclü ordunun, maliyyənin olmadığı, paytaxtın, neftin düşmən əlində olduğu bir zamanda Azərbaycanın tək dəstəyi təbii ki, Osmanlı dövləti və onun ordusu idi. Osmanlı ordusu özü də həmin dövrdə bir neçə cəbhədə vuruşurdu, amma buna baxmayaraq, Azərbaycanın köməyinə çatdı. O dövrdə ermənilərin silahlı ordusu vardı. Bakının alındığı həmin ərəfədə Türkiyə komandanlığı tərəfindən Azərbaycan milli qüvvələrinə təklif edilmişdi ki, ermənilərə müəyyən torpaq verilsin ki, onlar öz dövlətini qursun, işğalçı siyasətindən əl çəksin. Xüsusilə də Bakını geri qaytarsın. Bax bu məqsədlə, Bakının geri alınması məqsədilə İrəvan Ermənistana güzəştə gedilmişdir. Bu bir şərt idi ki, Bakının azadlığı İrəvandan keçir, vəssalam. Bunun müqabilində ermənilərlə danışıqlar aparılmışdı ki, onlar Qarabağ torpaqlarından əl çəkəcəklər. Məqsəd böyük bəlanın qarşısını almaq üçün, kiçik bəlaya göz yummaq idi. Belə bir şəraitdə real hakimiyyətin onların əlində olduğu bir zamanda may ayında Türk qoşunu Nuru Paşanın komandanlığı altında zabit heyəti ilə Gəncəyə gəlmişdi. May ayından başlayaraq Türk Ordusu Azərbaycana köməyə başladı. Lakin onlara türk ordusu deyilmirdi ki, Osmanlı dövləti ilə əlaqəsi olduğu bilinməsin. Bu məqsədlə türk orusudu Qafqaz İslam Ordusu adlanırdı. Bu mühüm məsələ idi. Çünki ortada bağlanan bir müqavilə vardı ki, bunun əsasında Osmanlı Ordusu daha da irəli gedə bilməzdi. Həmin zamanda Gəncədə hakimiyyət krizisi vardı, İstiqlalı qəbul edilmirdi, Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsi məsələsi gündəmə gətirilirdi. Türklərin də bu məsələdə münasibətləri çox ziddiyətli idi. Amma ümumiyyətlə Bakının işğaldan azad edilməsində Türk İslam Ordusunun rolu olduqca önəmlidir. Hətta deyərdim ki, onlar olmasa, bu hərəkəat zəfər ilə nəticələnməyəcəkdi. Bakının milli siyasi qüvvələri, Milli Şura, Rəsulzadə başda olmaqla, zabitlərimiz, generallarımız daim Bakının Azərbaycan naminə azad edilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan Respublikası üçün, xalqımız üçün Bakının mütləq azad edilməsi şərt idi və çox sevindirici haldır ki artıq həmin çətin və ağır günlərdən qalib çıxmağımızın 100 illiyi tamam olur”.

S.Tohidi onu da əlavə edib ki, Osmanlı ordusunun müttəfiqi Almaniya da daxil olmaqla, bütün xarici dövlətlər Bakının Azərbayacana qaytarılmasının əleyhinə idi:

“Onlar istəmirdilər ki, Bakı qaytarılsın. Onlar artıq Bakı neftinin bölüşdürülməsini düşündüklərindən, Osmanlı ordusunun Bakıya girməsinə mane olmaq üçün təzyiq göstərirdilər. O cümlədən, İngilislər də Bakının saxlanılmasında maraqlı olduqları üçün kifayət qədər güclü qoşunlarla ermənilərə dəstək verib, bizə qarşı vuruşurdular. Hələ ermənilər daha bir tələb irəli sürmüşdülər ki, Bakı heç kimə verilməsin, neytral ərazi statusu alsın, beynəlmiləl şəhər olaraq qalsın. Xüsusi status verilsin və Bakı hər kəsin şəhəri olsun. O tələblərə cavab olaraq Rəsulzadə bütün ölkələrə ultimatium göndərmişdi ki, “Bakı Azərbaycanın ürəyidir, Bakısız Azərbaycan yoxdur. O bizim şəhərimizdir və bizə də qaytarılmalıdır. Bakını hərb yolu ilə almaq şərtdir, əks halda, Azərbaycana əlvida deyəcəyik”. Yəni Bakı məsələsi bütövlükdə Azərbaycan məsələsi olduğu üçün bizim üçün 15 sentyabrın çox böyük əhəmiyyəti var. Bizim dövlətçiliyimiz üçün 12 mindən artıq türk əsgəri, 1000 dən artıq zabit şəhid olub. Bakı camaatı 5 aydan çox müddətdə doğurdan da aclıq içində çox ağır şəraitdə yaşayırdı. Şəhərdən çıxmaq olmazdı, evdən çıxmaq olmazdı. Belə bir vəziyyətdə hamı azadlıq qoşununu gözləyirdi. Nəhayət, ağır mübarizədən sonra Bakımız geri qaytarılıb. Regionlarımızda türk əsgərlərinin məzarları var ki, bu gün də onların xatirəsi hörmətlə anılır. Xalqımızın ürəyində Nuru Paşaya qarşı çox böyük sevgi var. Azərbaycan hərbi qüvvələrinin, generalların, polkovniklərin bu qələbədə mühüm rolu olub. İngilis generalı özü qeyd ediri ki, Bakının 80 minlik müsəlman əhalisi elə bil bir anda türklərlə əlaqə saxlayırdı. Çünki biz hara addım atırdıqsa, bir neçə dəqiqə ərzində həmin yerə türklər yığılırdı. Hətta vəziyyət o qədər qəliz idi, quş uçurdan gənci ermənilər güllələmişdir ki, sən türklərə quşlar vasitəsi ilə informasiya ötürürsən. Bu faktlar Fövqalədə Tədqiqat Komissiyasının sənədlərindən götürülmüş məlumatlardır. Bu gün çox qürurverici hissdir ki, ağır qələbədən 100 il ötür. Sabah biz bu ağrı-acılı günlərin qələbəsini təntənəli paradla qeyd edəcəyik”.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/253370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR