Sarkisyan Ərdoğana ümid edir

Sarkisyan Ərdoğana ümid edir
21:17 23 Aprel 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

“Türklərlə ermənilərin bölgədə qonşuluğunu biz seçməmişik. Lakin Türkiyə protokolları ratifikasiya etsəydi, [münasibətlərdə] hər şey başqa cür olardı”, - CNN Türk TV-nin sualına cavabında Ermənistan prezidenti Serj Sarkisyan deyib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Osmanlı Türkiyəsində 1915-ci il hadisələrinin Ermənistanda “erməni soyqırımının 100 illiyi” kimi qeyd olunan tədbirlər çərçivəsində Ermənistan prezidenti bir sıra nüfuzlu dünya televiziya kanallarına müsahibə verib.
 
Serj Sarkisyan Ermənistanla Türkiyə ilə münasibətlərin normallaşmasının Ankaradan asılı olduğunu bildirib.
 
O, Birinci Dünya Müharibəsi illərinin Osmanlı Türkiyəsində törədilmiş “erməni soyqırımının tanımasının Türkiyənin mənəvi borcu“ olduğunu bildirib.
“Aydındır ki, iki xalq arasında barışıq Türkiyənin soyqırımı tanıması üzərindən keçir”, - CNN Türkə Serj Sarkisyan deyib.
Ermənistan prezidenti parlamentdən Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi protokollarının geri çağrılmasını Türkiyəyə ünvanlanan mesaj olduğunu bildirib.
 
“Biz öz imzamızı geri almamışıq. Türkiyə təsdiq etsə [protokolları], biz də edərik”, - deyə o 1915-ci il hadisələri ilə bağlı Türkiyənin baş naziri Ahmet Davutoğlunun bəyanatını da şərh edib.
 
“Bu, beynəlxalq birliyə ünvanlanan bəyanat olub, ümid edirəm ki, prezident Erdoğan daha güclü bəyanat verər və münasibətlər normallaşa bilər”, - cənab Sarkisyan deyib.
 
Daha əvvəl Türkiyənin baş naziri Ahmet Davutoğlu 1915-ci il hadisələri haqqında danışaraq, Türkiyənin mövqeyinin dəyişmədiyini bəyan edib. O, əcdadları 1915-1917-ci illər arasında həlak olan ermənilərə baş sağlığı verib və “ağrısını bölüşür”, demişdi.
Ötən il 24 aprel münasibətilə eyni məzmunda cənab Erdoğan çıxış edib.
 
Türkiyə qətiyyətlə “soyqırım” termini təkzib edir və yüz minlərlə insanın müharibə xaosunda hər iki tərəfdən öldüyünü israr edir.
Ermənistanla Türkiyə arasında sərhədlər soyqırım məsələsi ətrafında gərginlik və Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən Ankaranın qərarı ilə bağlıdır.
 
2009-cu ildə Sürixdə Ermənistanla Türkiyə arasında imzalanmış iki ölkə arasında diplomatik münasibətlər qurmaq və münasibətlərin inkişaf etdirilməsi haqqında protokolların “Türkiyə tətəfindən təsdiqlənmədiyi səbəbindən” Ermənistan prezidentinin 2014-cü il 16 fevral tarixli fərmanı ilə Ermənistan Milli Məclisinin gündəliyindən çıxarılıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR