Neft istehsal edən böyük şirkətlər qara qızılın barrelinin 2014-cü ildən sonra ilk dəfə olaraq 100 dollara çatacağını proqnozlaşdırırlar.
Metbuat.az bildirir ki, bu barədə “Bloomberg” xəbər yayıb. Məlumata görə, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyaları səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq. Bu da 2019-cu ilin əvvəlində qiymətlərin artımına səbəb ola bilər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlma verən iqtisadçı İlham Əzizov bildirib ki, dünya bazarlarına çıxan neftin hasilatı azalacaq:
“Bundan əvvəlki sanksiyalarda İran nefti bu və ya digər şəkildə bazara çıxırdı. Amerikanın son qəbul etdiyi sanksiyalardan sonra artıq heç bir dövlətin İran neftini almaq fikri yoxdur. Hətta ABŞ prezidentinin neftin qiymətini aşağı salmaq üçün atdığı tvitlər də artıq öz rolunu oynamır. Çünki OPEK ölkələri neft hasilatını artırmaq fikrində deyillər. Onsuz da onlar görürlər ki, İran nefti bazardan çəkilmək üzrədir. Çox güman ki, ilin son rübündə dünya bazarlarına çıxan neftin hasilatı 1.1 bilyon barel azalacaq.
Neftin qiymətinin qalxması birbaşa Azərbaycan iqtisadiyyatına təsir edir. Həm manatın stabilliyinin qorunub saxlanılması, həm büdcənin digət investisiya istiqamətində artımlarının olması Azərbaycan iqtisadiyyatında yenidən inkişaf dövrünə gətirib çıxara bilər. Hesablamalarıma görə, ümumi daxili məhsul ötən illə müqayisədə iki dəfədən artacaq. Bu da milli rifah halının yüksəlişinə şərait yaradacaq. Artıq prioritet sahələr ölkə rəhbərliyi tərəfindən müəyyən olunub. Həmin istiqamətlər üzrə də inkişaf gözlənilir. Neftin artımı Azərbaycan iqtisadiyyatının böyüməsinə, büdcəsinin artmasına səbəb olacaq”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Neftin qiymətiylə bağlı ŞAD XƏBƏR - 100 DOLLAR ola bilər – TIKLAYIN!