​Lənkəranın ləvəngisi, Astaranın çayı, Lerikin təmiz balı...

Lənkəranın limonu, ləvəngisi, Astaranın çayı, mandarini, Lerikin təmiz balı, havası...

Cənub bölgəsi ölkəmizdə turizmin inkişafı üçün demək olar ki, bütün əlverişli imkanlara malikdir. Dağı, meşələri, təmiz havası, axar çayları, özünəməxsus yeməkləri və qonaqpərvər camaatı ilə seçilən cənub gəzməli-görməli bölgələrimizdəndir. Amma etiraf edək ki, bu gün şimal bölgəsiylə müqayisədə bu istiqamət üzrə turist axını zəifdir.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) Gəlmə turizm komitəsinin rəhbəri Nəsib Usubov Metbuat.az-a açıqlamasında bildirib ki, cənub turizminin inkişafına mane olan əsəs məsələ yol problemi olub:


“Əvvəllər nəqliyyat vasitələri 270 km yolu gedənə kimi əziyyət çəkirdilər. Lakin yeni yol istifadəyə verildikdən sonra bu problem həllini tapdı. Bildiyiniz kimi, bu ilin sentyabrın 18-də prezident İlham Əliyevin iştirakı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı oldu. Yol yaxşı olduğu üçün turistlər artıq həmin istiqamətə üz tuturlar. Hətta bu həftə sonu Bakı-Astara-İran turu oldu.

Cənubda otellərin sayı getdikcə artır. Lənkəranda yeni istifadəyə verilən istisu müalicəvi oteli turistlərin artmasına səbəb olacaq.

Cənubun özünəməxsus təbiəti var. Subtropik iqlimə malik olduğu üçün orada mandarin, çay plantasiyaları var. Bizim subtropik meyvələrin əkini turistlər üçün çox maraqlıdır. Düzü, yayda həmin yerlər isti olur. Lakin yaz, payız, qış aylarında cənub bölgəsi çox maraqlı olur”.

“Lənkəran və Lerik otellərində çox vaxt boş yer tapmaq olmur”.

Bunu Metbuat.az-a açıqlamasında Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli bildirib.

Onun sözlərinə görə, yaz və yay aylarında cənub bölgəsindəki əksər otellər rus turistlərlə dolu olur:

“Cənub bölgəsində turizmin az inkişaf etməsinin səbəbi yolun pis olmasıyla bağlıydı. Cənab Prezident cənub yolunun açılışını etdikdən sonra problem həllini tapdı. Bildiyiniz kimi, Lənkəranda hava limanı, dəmiryolu var. Bütün bunlar cənub turizminin inkişafı üçün olduqca mühüm faktorlardır.

Cənub turizmi tezliklə sürətli şəkildə inkişaf etməyə başlayacaq. Çünki buna səbəb olan resurslar var. Məsələn, yüksək standartlara cavab verən dənizkənarı otellər, təmiz dəniz, xeyirli qara qum və s. Təbiətsevərlər üçün cənub bölgəsi əvəzolunmazdır. Dağlar, şəlalələr, çaylar, “Qırmızı kitab”a düşmüş ağacları olan meşələr, həmçinin tarixi yerlər cənub bölgəsində çoxluq təşkil edir. Cənub zonasının çox zəngin mətbəxi var. Həmçinin, müalicəvi turlar üçün də cənub seçilən yerlərdən biridir. Hazırda cənub zonasında turizmə aid tikinti işləri davam etməkdədir".

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanın can Lənkəranı – FOTOREPORTAJ – Baxmaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR