​İki nəfərlik masa...

Həyatımı nağıla bənzədirəm.

Çünki həmişə biri vardı, biri yox. Bu nağılın qəhrəmanı mən idim. Odur ki, çətinlikləri təkbaşına keçməli idim. 60 illik ömrümdə yaşadıqlarım 600 illik ömür qədər bəs etdi mənə. Mətbəxdəyəm. Bütün əşyalarım mənim qədər qədim və yorğundur. Ən köhnə əşya isə bu masadır - anamın cehizlik masası. Gözümü açandan bu masanı görmüşəm. Masaya hər baxanda atamı xatırlayıram. Çünki anam mən hələ körpə olanda vəfat edib. Biz atamla hər dəfə bu masanın arxasında əyləşəndə onu xatırlayardıq. Atam anamın bişirdiyi ləzzətli yeməklərdən, birlikdə keçirdikləri qısa, amma gözəl günlərdən həvəslə danışardı. Uşaq vaxtı əlçatmaz bir arzum var idi. Atam və anamla birlikdə bu masanın arxasında əyləşmək...

Mən məktəbi bitirdiyim il atam vəfat etdi. İlk dəfə yetim olmağın acı həqiqətini yaşadım. Ağır günlər insanı tez böyüdür. Mən bir anda böyüdüm. Amma ümidlərimi itirmədim. Çox keçmədi mən də ailə qurdum.Artıq tənhalıq bitmişdi. Böyük ailəm olacaqdı. Bu masanı özümlə ailə yadigarı kimi təzə evimə apardım. Həyat yoldaşımla hər dəfə masanın arxasında əyləşdiyimiz vaxt, uşaqlarımızla birlikdə keçirəcəyimiz gözəl günləri təsəvvür edirdim. Körpəmizin doğulmağına iki ay qalmışdı, müharibə başladı. Həyat yenə mənə bir zərbə vurdu, amma sonra daha bir ümid verdi. Bir ay sonra yoldaşım şəhid oldu və övladımız dünyaya gəldi. Qızımızı birlikdə böyüdə bilmədik...

Qızım atasına çox bəzəyirdi. Hər dəfə masada qarşımda atasının yerində əyləşəndə kövrəlirdim. Amma ona bir dəfə də olsun darıxdığımı, ruhdan düşdüyüm anları göstərmədim. Zaman tez keçdi. Qızım böyüdü və ailə qurdu. Həyatımın ən qarışıq duyğulu anlarını yaşadım. Bu günlər qədər xoşbəxt ola bilmərəm deyirdim. Amma nəvəm doğulanda daha da xoşbəxt oldum. Artıq həyatda qəm, kədər bitdi dediyim vaxtda, qızımı və kürəkənimi bir qəzada itirdim. Həyatımda ağır itgilər yaşamışdım. Amma qızımla birlikdə mən özümü də "itirdim". Artıq mən "yox" idim. Amma yenə ümidim vardı – qızımın körpəsi...

O vaxtdan 10 il keçib. İndi yenə bu masanın arxasında əyləşmişəm. Başımı qaldırıb saata baxıram. Bir saatdır ki, oturduğum yerdəcə fikrə getmişəm. Nahar vaxtıdır. Yaşamağımın yeganə səbəbi olan nəvəm gəlib qarşımda əyləşir. Yenə bu masada, yenə iki nəfərik, yenə itgilərimiz var və yenə gələcəyə ümidim var...

Gülay Əhməd, yazar

BSU-nun əməkdaşı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR