500 miqrant ABŞ-Meksika sərhədindəki hasarı aşaraq Birləşmiş Ştatların ərazisinə daxil olmağa çalışıblar. Lakin amerikalı polislər, milli qvardiyaçılar və hərbçilər onları gözyaşardıcı qazla, rezin güllələrlə qarşılayıblar.
Milli.Az Excelsior-a istinadən bildirir ki, Meksikanın ABŞ-la sərhədinin yaxınlığındakı Tixuana şəhərində vəziyyət çox gərgindir.
Şəhər səmasında helikopterlər uçur, amerikalı hərbçilər sərhədi tikanlı məftillər arxasında patrul edirlər.
ABŞ-ın Sərhəd Xidməti Kaliforniya ştatındakı San-Dieqo şəhərindən cənubdakı San İsidro bölgəsində avtomobillərin və piyadaların hərəkətini yasaqlayıb.
Birləşmiş Ştatların ərazisinə keçmək istəyən miqrantlar "Biz cinayətkar deyilik! Biz işləmək istəyirik!" şüarları söyləyiblər. Bəzi miqrantların əllərində ABŞ və Honduras bayraqları vardı.
Hazırda Meksikanın Tixuana və Mexikali şəhərlərində Honduras, Qvatemala və Salvadordan gəlmiş təqribən 6 min miqrant var.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Meksika ilə sərhəddə miqrantlara qarşı letal (öldürücü) silahlardan istifadəyə icazəni məhz o verib: "Ümid edirəm ki, hərbçilər atəş açmaq məcburiyyətində qalmayacaq. Lakin bu məsələdə onların seçimi yoxdur, çünki onların qarşısında kobud insanlar var".
Tramp onu da bəyan edib ki, zərurət yaranarsa, Meksika ilə sərhədi bağlayacaq. ABŞ-a yalnız qaçqın statusu almaq hüququ olan miqrantlar buraxılacaq.
Hazırda ABŞ-Meksika sərhədində 15 min amerikalı hərbçi var.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: