Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyini AŞKARLADI -

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü (normalda qırmızı rəngli göz dibi refleksionu olmalıdır) hiss edib və bu diqqətcilliyi sayəsində zamanında göz həkiminin müayinəsindən sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, uşağı MRT müayinəsindən keçirərək dəqiq diaqnozun təyin olunmasına nail olub. Müraciət edərkən şikayətlər leykokoriya ("pişik gözü refleksi"), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi (bunu körpə hissə etməsə də, valideynlərin diqqətindən yayınmayıb) ilə bağlı olub.

Metbuat.az xəbər verir ki, qeyd edilən əlamətlərlə müşahidə edilən retinoblastoma xüsusilə uşaqlarda rast gəlinən gözün retinasının şiş xəstəliyidir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzi hallarda hər iki gözdə də baş verə bilər. Retinada bir törəmə olaraq yaranan bu xəstəlik hətta mobil telefonla aşkar edilə bilər. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən edə bilərsiniz. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər. Retinoblastoma xəstələrində dəqiq diaqnozun təyini üçün oftalmoloq baxışından dərhal sonra MRT müayinəsinin aparılmasının mütləq olduğunu vurğulayan RMDM-in Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, prof. Ahmet MEMİŞ bir sıra maraqlı məqamları açıqlayıb:

“Sağlam gözlər fotoda, adətən, qırmızı rəngdə çıxır. Övladınızın bir gözündə qaranlıqda balıq pulcuğu kimi parlama olur və uşağın gözü fotolarda daha diqqətəçarpan vəziyyətə gəlir və ağ ləkə çıxırsa, səbəbi katarakt və ya göz xərçəngi ola bilər. Bu xəstəliyə doğulan 10000 uşaqdan birində rast gəlinir, əmələgəlmə səbəbləri naməlumdur. Xəstəlik başladığı andan sürətlə inkişaf edir və 18 ay müddətində tam inkişaf mərhələsinə çatmış olur. Valideynlər bilməlidirlər ki, belə xəstələrdə göz müayinəsinin ardından ediləcək MRT müayinəsi çox vacibdir. Bu müayinələr edilərsə, nəinki övladınızın həyatı xilas edilər, hətta zədələnmiş gözdə görmə itkisinin də qarşısı alınar.”

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR