Əməkdar elm xadimi Abbas Axundbəylinin 80 illiyi qeyd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında görkəmli alim, professor Abbas Axundbəylinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) birgə təşkilatçılığı ilə keçirilib.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev Azərbaycanın inkişafında əməyi olan insanların yubileylərinin keçirilməsi ənənəsinin təməlinin ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Və bu ənənəyə ATU rəhbərliyi tərəfindən də əməl olunduğunu qeyd edib.

S.Əliyev ATU-nun həyatında və inkişafında böyük əməyi olan Abbas Axundbəylinin Tovuz rayonunda anadan olduğunu, 1954-cü ildə Tibb İnstitutunun müalicə fakültəsinə daxil olduğunu bildirdi: “Abbas Axundbəyli ən fəal tələbələrdən biri olub, hələ təhsil aldğı müddətdə 8 dəfə konfransda iştirak edib. 4-cü kursda ikən tələbə elmi cəmiyyətinin sədri seçilib”. Professor Sabir Əliyevin sözlərinə görə, A.Axundbəyli təhsilini bitirdikdən sonra Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılıb. Qısa müddətdə həm elmlər namizədi, həm də elmlər doktoru olub. 33 yaşında ikən artıq elmi xadim kimi özünü təsdiqləyə bilib. Qeyd etdi ki, Abbas Axundbəyli uzun müddət ATU-nun anesteziologiya və reanimatologiya kafedrasının müdiri vəzifəsini uğurla icra edib.

ATU-nun I daxili xəstəliklər və reanimatalogiya kafedrasının müdiri, AzRAC-ın sədri, Professor İsfəndiyar İsmayılov əməkdar elm xadimi, həyatını tibb sahəsinin inkişafına həsr edən Abbas Axundbəylinin elmi fəaliyyəti haqqında geniş məlumat verib.

ATU-nun III daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov və digər çıxışçılar da professor Abbas Axundbəyli haqqında xaitirələrini bölüşüblər.
Sonra konfrans öz işinə plenar iclaslarla davam etdi. İclaslarda reanimatoloqlar və anestezioloqların mühazirələri dinlənildi. Yekunda iştirakçılara sertifikartlar təqdim olunub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR