​“Paşinyan oğlunu Qarabağa göndərməklə özünə xal toplamaq cəhdlərinin saxtakarlığını bir daha göstərdi”

Xəbər verdiyimiz kimi, Ermənistanda dekabrın 9-da parlament seçkiləri keçiriləcək.

Seçkidən əvvəl isə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu Aşot Paşinyan haqqında müxtəlif məlumatlar yayılır.

Ehtiyatda olan polkovnik, hərbçi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, bilirik ki, Paşinyan küçə mitinqindən gələn dövlət başçısıdır. Hakimiyyətə gələndən sonra isə onun ilk addımlarından biri o oldu ki, guya oğlu Dağlıq Qarabağda hərbi xidmətlə bağlı müraciət edib, o da oğlunu hərbi xidmətə göndərib: “Bunun özündə də ziddiyyətlər var. Çünki o dövlət başçısıdır və Ermənistan özü “Dağlıq Qarabağın müstəqilliyi”ni qanuni şəkildə tanıya bilmir. Ancaq ölkənin birinci şəxsi öz oğlunu göndərir Dağlıq Qarabağa işğalçı qüvvələrin tərkibində xidmət etməyə. Bu özü birinci növbədə siyasi savadsızlıqdır. Ermənistanda hərbi hissə olmadı ki, onu ora xidmət etməyə göndərsinlər?

Bu sadəcə populist addım idi və biz bilirik ki, bu hansı fonda olub. Bilirik ki, əsgər anaları Müdafiə Nazirliyinə və dövlət rəhbərliyinə o vaxtı müraciətlər edirdilərlər, mitinqlər də keçirirdilər ki, “uşaqlarımızı Dağlıq Qarabağa göndərməyin, öləndə də də öz torpaqlarında ölsünlər, Ermənistanın özündə öz torpaqlarını qorumaqla məşğul olsunlar”. Həm də Dağlıq Qarabağda o vaxt onların təxribatı nəticəsində itkilərin çox olan zamanı idi. Ona görə Paşinyan bu məsələni sakitləşdirmək, fikri yayındırmaq və öz nüfuzunu artırmaq üçün oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərdi. Amma o oğlunu göndərsə də bu məsələni həll edə bilməz. Çünki sıravi bir kasıb adamın oğlu ilə gedib orada xidmət edən dövlət başçısının oğluna təbii ki, eyni şərait yaradılmayacaq. Bu haqda məlumatlar da var idi ki, orada ona yaxşı şərait yaradılıb. Bundan sonra Paşinyan həm də tez-tez Dağlıq Qarabağa getməyə başladı. Onun Dağlıq Qarabağ klanı ilə aralarında müəyyən problem var idi, indi də var. Paşinyanın oğlunun xidmət yeri haqqında, ona yaradılan şərait, münasibət haqqında tez-tez mətbuatda yazılar dərc olunur. Paşinyan hətta seçkiqabağı ritorikasına bir daha vurğulayıb ki, “mən özü oğlumu ən qaynar nöqtəyə hərbi xidmətə göndərmişəm”. Dediyim kimi, təbii ki, bunların hamısı populist addımlardır”.

Qeyd edək ki, Ermənistanın Voskanapat.info saytının müxbiri, "Panduxt” imzalı jurnalist dəNikol Paşinyanın oğlu ilə bağlı yeni iddialar irəli sürüb. Onun yazısında deyilir ki, ölkənin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan "dezertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşaiyəti ilə Xankəndi küçələrində gəzərkən görülüb: “Başqa vaxt isə Paşinyanın oğlu Xankədinin məşhur Tumanyan 57 küçəsindəki "Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin sayseçmə qızlarını öz yanına gətizdirir ”.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən politoloq Nəzakət Məmmədova bildirib ki, Paşinyanın oğlunun hərbi xidmətdəki macəralarının, hərbi qulluqçuya yaraşmayan sərgüzəştlərinin, nizamnaməyə zidd davranışlarının məhz indi ictimaiyyətə çatdırılması heç şübhəsiz ki, bilavasitə düşmən ölkədəki seçkilərlə bağlıdır:

“Məqsəd əlbəttə ki, daima oğlunun işğal olunmuş Azərbaycan torpaqlarında hərbi xidmət keçməsi ilə öyünən, bununla ictimai şüura təsir etməyə çalışan Paşinyanın yalanlarını ifşa etməkdir.

Məlumatın mənbəyinin haradan gəldiyinə diqqət edək. Bu, heç şübhəsiz Qarabağdakı separatçı rejimdir. Çünki oğul Paşinyan orada nizamnamədənkənar hərəkətlərə, hərbi qulluqçuya yaraşmayan nalayiq davranışlara yol verirsə, buna yalnız Qarabağdakılar şahid ola bilərlər. Görünür, Bako Saakyanla Nikol Paşinyan arasında don dövrlərdə artıq aşkar şəkildə davam edən ədavət bu faktların faş olunmasına, cəmiyyətə ötürülməsinə səbəb olub. Əbəs deyil ki, bundan əvvəl Paşinyan öz çıxışlarında Saakyanı tənqid edirdi.

Odur ki, xaricdəki erməni diasporası ilə görüşdən sonra da öz mövqeyini dəyişməyən separatçıların başçısı görünür Paşinyanın onu tənqidlərinə cavab olaraq belə bir addım ataraq onu oğlunun davranışlarını ifşa etməklə nüfuzdan salıb, eyni zamanda seçkilərdə reytinqinin aşağı düşməsi üçün bu addım atılıb.

Hər bir halda bu, eyni zamanda Qarabağda yerləşdirilmiş düşmən ordusunda hərc-mərcliyin, özbaşınalığın, nizamnamədənkənar davranışların baş alıb getdiyini bir daha sübut edir. Paşinyanın isə oğlunu Qarabağa göndərməklə özünə xal toplamaq cəhdlərinin saxtakarlığını bir daha göstərdi”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR