Heydər Əliyev səhnə arxasına xəbər göndərdi ki... - Xalq artisti O ANLARDAN DANIŞDI

Heydər Əliyev səhnə arxasına xəbər göndərdi ki... - Xalq artisti O ANLARDAN DANIŞDI
14:03 11 Dekabr 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

“O hər zaman tədbirlərdən sonra səhnə arxasında sənət adamları ilə görüşüb, ürək sözlərini deyirdi. Mahnının sözlərindəki vurğuya qədər fikir verirdi. Ulu öndərimiz daim sənət adamlarını xüsusi dəyərləndirib, bu gün də bu siyasəti Prezident İlham Əliyev davam etdirir”.

Bu sözləri Publika.az-a ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Xalq artisti Gülyanaq Məmmədova deyib.

G.Məmmədova ilk dəfə Heydər Əliyevin qarşısında çıxışını xatırladıb:

“Ulu öndər gənc yaşlarımızda biz bacılara Əməkdar artist adını verib, İlham Əliyev isə bizi Xalq artisti adına layiq görüb. Hər ikimiz əldə etdiyimiz uğurlara görə onlara borcluyuq, minnətdarıq. Ulu öndər qarşısında ilk çıxışımız Gülüstan sarayında olub. Həmin görüşdə çox həyəcanlı idim. Bir çox dövlət xadimləri, tanınmış sənətkarımız Zeynəb Xanlarova orada idi. Zeynəb xanımın “Bəri bax” mahnısını oxudum. İfadan sonra Heydər Əliyev səhnə arxasına xəbər göndərib məni yanına çağırdı. Tərcüməçisi məni prezidentin yanına apardı. Səhv etmirəmsə, Pakistan prezidenti də həmin tədbirdə idi və məni iki dövlət başçısının arasında otuzdurdular. İlk dəfə idi mən Ulu öndəri bu qədər yaxından görürdüm. O, harada işlədiyimi, oxuduğumu, ehtiyaclarımı soruşdu. Səsimin gözəl olduğunu dedi və mənə uğurlar dilədi. İlk xeyir-duamı verdi. Ondan sonra biz - bacım Gülyazla birlikdə səhnəyə çıxdıq. Bu, Ulu öndərə daha xoş gəlirdi. Hər dəfə keçmiş nazir Polad Bülbüloğlundan soruşurdu ki, “hansı Gülyazdır, hansı Gülyanaq?” Artıq hər görüşdə bu, bir zarafata çevrilmişdi. Bir dəfə dedi ki, “artıq soruşmayacam, bunlara “bacılar” adı qoyuram”. Həmin vaxtdan “bacılar burdadırmı?”, “bacılar oxuyacaqmı?” deyə soruşurdu. Bir dəfə yenə xaricdən qonaqlar gəlmişdi, həmin konsertdə Rəşid Behbudovun “Alagöz” mahnısını oxudum. O zaman yenə məni yanına çağırdı. Həmin vaxt böyük həyəcan keçirdim. Mənə dedi ki, “mənim bu mahnını sevdiyimi haradan bilirsən?” Ustadım Kamil Vəzirovun məsləhət gördüyünü dedim. Bunu deyəndən sonra Heydər Əliyev əlimdən tutdu və mahnını birlikdə oxumaq istədiyini dedi. Əlimdəki üzük barmağımı sıxırdı, amma onun sənətə hörmətindən mən ağrını unutdum və birlikdə mahnını oxuduq. Gözlərinə baxa bilmirdim, böyük zəhm var idi. Amma onunla söhbət edəndə elə bilirdim ki, O, evimizin böyüyüdür”.

G.Məmmədova Heydər Əliyevin təvazökarlıq, sadəlik nümunəsi olduğunu bildirib:

“Bir dəfə Rəşid Behbudovun yubiley tədbiri keçirilirdi. Bir çox sənətkar həmin tədbirdə iştirak edirdi, bəlkə də, yaş və təcrübə baxımdan ən kiçik Gülyazla mən idim. Tədbirin sonunda sənətkarlarla söhbət edəndə qəfildən bizim ayağımıza baxdı. Hamı təəccübləndi, bizə də qəribə gəldi. Ulu öndər bizə yaxınlaşdı, yerdən bilərzik götürüb kimə aid olduğunu soruşdu. Gülyaz da utanaraq onun olduğunu söylədi. O, yanındakılara bilərziyi götürməyi tapşıra bilərdi. Amma o qədər sadə, səmimi insan idi ki, özü götürdü, hətta Gülyaza verərkən zarafat etdi. Hər dəfə çıxışdan sonra Ulu öndərlə görüşü səbirsizliklə gözləyirdik. Bu görüşlərdə ehtiyaclarımızı, çətinliyimizin olub-olmadığını soruşurdu. Bir dəfə heç unutmuram, Strasburqda Avropa Şurasına daxil olmağımızın bir illiyinə həsr olunmuş konsert proqramı təşkil olunmuşdu. Ulu öndər və bütün ailə üzvləri orada idi. Avropa Şurasının binasında canlı konsertlə çıxış etdik. Bu çıxış prezidentə çox xoş gəlmişdi. Ətrafda müxtəlif ölkələrdən insanlar var idi, hamı çox bəyəndi. Hətta fransızlar Gülyaza Julia, mənə Juliana adı qoydular. Ulu öndər sonra ziyafətdə bizimlə görüşdü və təşəkkür etdi”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR