Vahid Əziz : "Şair şorgöz olmur, gözəlbaz olur" - MÜSAHİBƏ

Vahid Əziz : "Şair şorgöz olmur, gözəlbaz olur" - MÜSAHİBƏ
23:09 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Anqolanın prezidenti vardı Netto. Onun rus dilində maraqlı kitabı çıxmışdı. Kitab məni çox tutdu. 1974-cü il idi gərək ki, başladım tərcümə etməyə. Kitabı birnəfəsə tərcümə elədim. Sonra hansı müəllifi tərcümə elədimsə, öldü. Dostlar zarafatla deyirdi ki, bir iki nəfər var, bəlkə onları da tərcümə eləyib “yola salasan”. İndi də bu barədə deyib gülürük hərdən”.

 

Bunu APA tv-nin “Üç dama” verilişində qonaq olan şair-tərcüməçi Vahid Əzizi deyib.

 

Vahid Əzizin yeni və yaşlı nəsil yazarlar arasındakı mübahisələrdən həmişə kənarda olub: “Bir dəfə İradə Tuncay mənə zəng elədi. Onda “Ədalət”ə hələ Aqil özü rəhbərlik eləyirdi. İradə mənə dedi ki, iki gənc adam var, sizi görüb danışmaq istəyirlər. O zamanlar vəziyyət qarışıq idi. Mən haradasa 90-cı illərin əvvəllərini deyirəm. Gəldim. İki gənc oğlan əyləşmişdi. O vaxt yaşlı nəsillə gənc nəsil yazarlar arasında problem təzə-təzə aktuallaşmağa başlayırdı. Məni görən kimi dedilər ki, bizim Vahid Əzizlə işimiz yoxdur axı. Onunla nə danışaq. Amma biz danışdıq. O zaman onlara da dedim ki, dava-dalaş axtarmasınlar. Hərə öz bildiyi kimi, özü qədər yazsın. Hamı göz qabağındadır. Bilirsinizmi bu yaş məsələsidir. Başa düşürəm yaş, mühit buna mane olur. Biz də zamanında elə olmuşuq. Elə şairi inkar eləmişik ki, sonralar anlamışıq kimi inkar etdiyimizi. Amma hələ onun dediyinin yarısını deyə bilməmişik”.

 

Vahid Əziz deyib ki, xırdaçı adamlardan xoşu gəlmir. “Mənə qaytarılan xırda pulu belə saymamışam. Nə verilibsə alıb qoymuşam cibimə. Elə olub ki, cibimdəki pulun da qədərini bilməmişəm. Heç kimin pulunu saymamışam”.

 

O kiməsə həsəd aparmağın yaxşı keyfiyyət olmadığını da söyləyib: “Adam var düz bir vaqon pulu var, arzulayır ki, mənim yazdığım şerin bir misrasını deyə, ya da yaza, amma bacarmır. Adam da var heç pulu da yoxdur, amma paxıldır. Mənim paxıllığım yoxdur. Həmişə də deyirəm ki, Allah hərəyə bir şey verib. Mənə də yazmaq qabiliyyəti verib. Məndən soruşanda ki, nə əcəb qocalmırsan? Deyirəm ki, paxıl deyiləm. Paxıl adam yazıqdır vallah. Özünüz baxın çəkim, 95 kilodur. Mənim paxıllığımı çəkmək o deməkdir ki, çiyninə 95 kilo yük götürür. Onun dərdini, sərini, qazancını, olub olmazının hamısını daşıyır özüylə. Daşıya-daşıya da özünü çürüdür. Mən insanın özünü çürütməsinin əleyhinəyəm”.

 

Bu yaşa qədər heç kimin ayağının altından çəkmədiyini deyən Vahid Əziz ona quyu qazanların çox olduğunu da bildirib. Dediyinə görə, həmişə ona qazılan quyuların yanından ötüb keçib. Yəni Allah həmişə ona belə yol nəsib edib. Elə buna görə həmişə istəyib ki, qonşusunun evində işıq, onlardakından gur yansın: “Suları bizimkindən çox gəlsin istəmişəm qonşuların. Niyə? Düşünmüşəm ki, bir gün bizdə olmayanda mən onlardan kömək istəyə bilim. İnsan mənən, daxilən zəngin olmalıdır. Bir dəfə belə bir şeir yazmışdım:

 

 

İçindəki Allahını unudub.

Göy üzündə nə axtarır bu adam?!...

 

Yəni içindəki, Allahını gör, imanlı ol, hamını sev. İndi kim səni sevər, kim sevməz bu onun özünün insafına qalan məsələ olsun qoy.  Yer üzündə milyardlarla insan var. Və onların hər biri hər gün əl açıb Allahdan nəsə istəyir. İndi gəlin görək, Allaha verdiklərimiz nə qədərdir ki, qarşılıq istəyirik. Nə qədər yaxşılıq edirik, nə qədər insan sevindiririk, nə qədər dürüstük, nə qədər ədalətliyik. Yəni bütün bunları vermədən nəsə istəməyin özü nə qədər ədalətlidir. Uzağa getmirəm. Lap elə Azərbaycanı götürürəm. Azəybaycanın doqquz milyon əhalisi yerdən o kainatın dərinliyinə ildə doxsan milyard pislik, bir milyard yaxşılıq göndərirsə, biz o kişidən, Allahdan nə istəyirik?! Axı Allah hesaba çəkib görür ki, adamların balansında elədikləri yaxşılıqdan çox pisliklər var”.

 

Vahid Əziz yaradıcı gənclərlə bağlı məsələyə də toxunub. Qeyd edib ki, Azərbaycan ədəbiyyatında uğurlu gənclər var:

 

“İndi birinin adını çəkərəm, o birini çəkmərəm məndən inciyər. O üzdən bircə bunu deyim ki, özlərindən razı olmasınlar. Başa düşürəm yaş, mühit buna mane olur. Biz də zamanında elə olmuşuq. Elə şairləri inkar eləmişik ki, sonra dönüb baxanda anlamışıq ki, onun dediyinin, elədiyinin yarısını deyə bilməmişik hələ. Biz 60-cı illərin imzalarıyıq. Mən Vaqif Səmədoğlu, Musa Yaqub, Vaqif Bayatlı, Ramiz Rövşən, Baba Vəziroğlu. O illər təkcə Azərbaycanda yox, bütün dünyada ədəbiyyatın möcüzəli illəri idi. Və bir fərq orda idi ki, indi ən yaxşı yazan gənclərdə  belə o illərdəki müəlliflərin təpəri yoxdur.

 

Ədəbiyyatda, poeziyada ən əsası budur ki, nöqtəni zamanında qoymağı bacarasan. Şerdə bunu bacarmasam da, həyatda həmişə bacarmışam. Hərdən olur, elə hissə qapılır ki adam, əyləci basıb vaxtında saxlaya bilmir. Amma saxlamaq mütləq lazımdır”.

 

Şair verilişdə başına gələn bəzi məzəli əhvalatlardan da danışıb: “Xalq artistimiz İlhamə Quliyeva mənim yaxın dostumdur. Bir dəfə onunla bir tədbirdə rastlaşdıq. Xanımım da yanımda idi. Öpüşdük görüşdük. Birdən İlhamə xanım çevrildi mənim xanımıma ki, “Sveta xanım, siz inciməyin, Vahid Əziz çoxdan ictimai mülkiyyətdir ”.

 

Vahid Əziz deyib ki, onun şerlərinin ünvanı dünyadakı bütün qadınlardır: “Həmişə demişəm ki, şair şorgöz olmur, gözəlbaz olur. Sevgi tanrıdan gələn ikinci ruhdur. İnsanı sevgi yaşadır. Yazıramsa bu o demək deyil ki, havalıyam kiminsə sevgisindən. Qəribə bir melodiya gəlir. Özümdə bir qəribçilik hiss eləyirəm. Görünür bir az da gəncliyimizdə yaşaya bilmədiyimiz hislərimizdir bu. Və təbii ki, hamının daşa dəyən bir sevgisi də olub mütləq. Hər şeyinin də kökündə sevgi dayanır. Və bu təkcə əks cinsə olan sevgi deyil. Hər şeyə sevgi ilə yanaşmaq lazımdır. Lap bir əşyaya da. Evdə uşaqlarla onların öz dili ilə danışıram. Hərdən mənə deyirlər ki, uşaqlar artıq o dili, uşaq dilini sevmirlər. Amma mən xoşlayıram bu dildə danışmağı. İndi baxın, mən uşaq şeri yaza bilmirəm. İki ya üç uşaq şerim var”.

 

Əmək fəaliyyətinə fəhləliklə başlayan həmsöhbətimiz deyib ki, altı il Moskvada “Xəbərlər” agentliyinin Azərbaycan üzrə xüsusi müxbiri kimi də fəaliyyət göstərdiyi zamanlar olub. Təhsilini rus dilində almağına baxmayaraq Azərbaycan dilini də yadırğamayıb: “Hərdən elə danışıram, elə bil kəndin düz ortasından bu dəqiqə çıxmışam”.

 

Daha sonra o, yaxın dostu mərhum şair Ədalət Vəliyevi xatırlayıb: “Ən pis insan da öləndə acıyıram. Həyatdan insan gedir axı. Məncə insan dünyaya gəlməsinin nə qədər böyük hadisə olduğunu dərk eləsə bu qədər faciələr törətməz. İnsana Allah hər şey verib. Dünyanı da insana görə yaradıb. Bu gözəllikdə ruh verib bizə. Amma bunun qədrini bilmirik. Ədalətə gəlincə, o  çox maraqlı şair idi. Böyük-kiçik yeri bilirdi, hörmət eləməyi bacaran adam idi. Ağır, sıxıntı içində yaşayırdı. Çətinlikləri çox idi. Mən onu itirəndə yaxşı bir şair, dost itkisinin nə demək olduğunu anladım. Çətin məsələdir. Mən bilən cənnət - cəhənnəm  yoxdur. Cənnət də özümüzük , cəhənnəm də, inkir- minkir də... Bir də bu dünyadan heç nə aparmırıq özümüzlə.

 

Süleyman peyğəmbər vəsiyyət edir ki, mən öləndə ayağıma corab geydirərsiniz. Vəsiyyətə əməl edirlər o öləndə. O dəfn ediləndə din xadimləri corabı çıxartdırırlar ki, belə olmaz. Oğlu buna etiraz eləyir. Din xadimi deyir ki, oğul, atan “corab geydirin” deyəndə bilirdi ki, biz onu da soyunduracağıq. Əslində atan qəbrə getməzdən öncə bunu anlatmaq istəyib ki, lap peyğəmbər də olsanız bu dünyadan heç nə aparmırsınız. İndi deyəcəyim odur ki, hər adam bu dünyadan adamları ağlada bilmir. Bu əsl insanlara qismət olur. Ona görə həmişə çalışıram ki, insan olum”.

 

2007-ci ildə kliniki ölüm keçirən Vahid Əziz yuxuda gördüyü hər şeyi sonradan xatırladığını deyib. O bildirib ki, həmin hadisəyə qədər kifayət qədər ciddi xəstəlikləri olub. Kliniki ölüm vəziyyətindən çıxandan sonra keçdiyi təkrar müayinələrin nəticələrində həmin xəstəliklərin heç biri aşkarlanmayıb. Buna baxmayaraq şair çox uzun ömür istəmir Allahdan: “Osman Sarıvəlli deyir ki, “kim ki, yüz il yaşamadı günah onun özündədir”, Rəsul Rza deyir ki, “yüz il ömür sürəydim, bir gün xəstələnmədən ”... Amma mənə elə gəlir ki, yüz il yaşamağı kiməsə arzulamaq ona qarğış eləməkdir. Adam pis vəziyyətə düşür, başqalarına da əziyyət verir. Ona görə mən də yazdım ki, “mənə yüz il ömür arzulamayın” . Yaşayır adı ilə sürünmək nəyə lazımdır ki ?!..”

 

Söhbət arası qonağımız mahnı mətnlərinə də toxunub: “İndi oxunan mahnıların sözləri haqda o qədər danışmışam ki, artıq yorulmuşam.  məni yorur. Bir vaxtlar senzura var idi. Onu ləğv elədilər, yerində heç nə yaratmadılar. Məncə mütləq nəsə yaradılmalı idi. Adı senzura olmasa da bu məsələdə nəzarət mütləq lazım idi. Yaradılsaydı efirlərə bu qədər keyfiyyətsiz məhsullar yol tapmazdı. Sizə bir şey deyim, vaxt olub ki,   bayaq dediyim Bədii Şura, senzura mənim sözlərimi geri qaytarıb. Özü də mən Mərkəzi Komitənin mətbuat bölməsinin müdiri idim, televiziya üzrə "kurator" kimi çalışırdım. İndi bəzən elə bayağı və çılpaq mahnı mətinləri olur ki, adam dinləyəndə utanır. Hiss eləyirsən ki, rus demiş “ozoboçenni” birinin yazdığı sözlərdir. Evdə kartof soya-soya elədiyi zümzüməni musiqi bəstəsi kimi adamlara sırıyanlar var. Mahnılar bir birinə oxşamağa başlayıb. Bu pisdir. Uçurumdur. Belə olmaz. Bir hədd müəyyənləşdirməlidirlər. Mən deyirəm başlayırlar ki, tərəfkeşlik eləmə. İndi mən də sual verirəm, Yazıçılar Birliyinin (AYB) iki mindən çox üzvü var. Görəsən onların arasında beş adam yoxdurmu ki, ədalətli olsun, ədalətli qərar çıxara bilsin? Əminəm ki, mütləq var. Yoxdur demək insanlara etibarsızlıqdır. Bunu eləmək olmaz. İnsanlara inanıb onlara seçmək imkanı vermək lazımdır. Hər kəsin dili var danışmağa. Dəli ilə də dil tapıb danışmaq olar ”.

 

Vahid Əziz müasir müəlliflərin bir qisminin yaratdığı şair obrazı ilə bağlı da fikirlərini söyləyib: “Təkcə indi yox bizim də dövrümüzdə belə idi. Kimsə elə bilirdi ki, qabağında içki şüşəsi, damağında siqaret olsa o mütləq şair olacaq. Məsələ ondadır ki, yaradıcılıq prosesinin özü qeyri-standart bir şeydir. Şer oxuyanda da belədir. Mütləq onu oxuyacaq, yazacaq havada olmalısan. Şeri yazıb qurtarana qədər adama elə gəlir ki, havalıdır. Amma bu bir müddət olur və bitir. Günün bütün saatlarını özünü zorla o havaya salmaq və başqalarını düşündürmək ki , hə şair belə olur, bu normal deyil. Şairin şalvarı niyə ütüsüz olmalıdır? Ayaqqabısı niyə çirkli olmalıdır? Niyə qalstuk vurmamalıdır? Nəyə görə əyni bir az sökük-cırıq olmalıdır? Başının tükü nəyə görə qarğa yuvasına oxşamalıdır? Mən belə düşünürəm ki, şair cəmiyyətin qabaqcıl insanıdır. Və özünə dəyər verməyi bacarmalıdır. Mən ancaq şer yazanda şair oluram. Hətta öz-özümə zümzümə də eləyirəm. Susuz qalanda da suyu yanıma sakitcə gətirib qoyurlar ki, bilməyim. Amma yazıb bitirdimmi... Vəssalam, bitdi deyirəm. Mənə şair deyə müraciət eləyəndə xoşuma gəlmir. Deyirəm adımı deyin. Adımı unutmusansa heç nə demə elə sözünü de get”...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR