Mal-qaranı nəzarətsiz buraxmayın!

Respublika ərazisində yol qəzalarının başvermə səbəbləri müxtəlifdir. Onların arasında nəqliyyat vasitəsinin mal-qara ilə toqquşması halları da az deyil.

Baş Dövlət Yol Polisi İdarəsindən Metbuat.az-a bildirilib ki, son illər mal-qaranın nəzarətsiz buraxılması nəticəsində baş verən yol qəzalarının sayı azalsa da, bu qəbildən belə hallar yenə də baş verir. Lakin əvvəllər mal-qara sahibləri məsuliyyətdən kənarda qalsalar da, indi buna imkan verilmir. Belə ki, əvvəllər mal-qara sahibləri hətta sürücüdən dəymiş ziyanın ödənilməsini tələb edir, bəzən buna nail olurdular. Son illər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) Alayının regionlarda yerli əhali ilə keçirdiyi görüşlər müsbət nəticələr verir və mal-qaranı nəzarətsiz qoyanların sayı xeyli azalıb. Xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kor-təbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.
Artıq DYP belə hadisələrin geniş şəkildə araşdırır və nəticədə bu cür qəzaların baş verməsinə görə məsuliyyətə cəlb olunan onlarla mal-qara sahibi var. Son vaxtlar mal-qara sahibləri qəza baş verəndən sonra gizlənməyə üstünlük verirlər. Çünki məsuliyyətə cəlb ediləcəyini bilir və bu səbəbdən heyvanın ona məxsus olduğunu gizlədirlər. Lakin YPX Alayının əməkdaşları, eləcə də nümunəvi kənd sakinləri hadisələrin üstünün açılmasında yaxından iştirak edirlər. Son illər yol polisi bu sahəyə nəzarəti gücləndirib və onlarla mal-qara sahibi ilə bağlı material məhkəmələrə göndərilib. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılmasına görə qəzaya düşən sürücülər də heyvan sahiblərinə qarşı məhkəmələrdə iddia qaldırıb zərərin ödənilməsini tələb edirlər. Bu, sürücülərin hüququdur.
Bəzi hallarda məhkəmələr tərəfindən avtomobillərə dəymiş 5 min manatadək maddi zərərin sürücüyə ödənilməsi ilə bağlı mal-qara sahibləri haqqında qərarlar çıxarılıb. Bu cür qərarlardan sonra artıq mal-qaranı nəzarətsiz buraxanların sayı xeyli azalıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR