Bütün xəstəxanalarda qeydiyyatı elektron qaydada etməyi düşünürük

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi üçün aparılan işlər çərçivəsində xidmətlər zərfi yenidən hazırlanır.

Metbuat.az trend.az-a istiadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Z.Əliyev hesab edir ki, pilot layihə çərçivəsində təqdim edilən baza zərfinin təkmilləşdirilməsinə ehtiyac var.

Agentlik sədrinin fikrincə, xidmətlər zərfinin yeni variantı yaxın bir neçə ay ərzində təsdiqlənmək üçün hazır olacaq.

Z.Əliyev deyib ki, xidmətlər zərfinin qiymətində də müəyyən təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Buna görə hazırlıq işləri çərçivəsində bu məsələyə də baxılır:

“Əsas məsələlərdən biri xəstəxanalarda hazırlıq işlərinin təşkilidir. Bu işlər xüsusilə informasiya texnologiyaları ilə bağlıdır. İcbari tibbi sığorta sistemini ölkədə tam tətbiq etmək üçün bizə sistemin tam avtomatlaşdırılması lazımdır. Bu halda məlumatlar xəstəxanadan bizə vaxtında daxil ola bilər və biz də xəstəxanalara ona uyğun ödənişlər həyata keçirə bilərik. Hesab edirəm ki, xəstəxanalarda həmin proqram təminatının qurulması və onların bizim sistemə inteqrasiyası əsas prioritet məsələlərdən biridir”.

Agentlik sədri deyib ki, hazırda pilot rayonlarda xəstəxanalar belə proqram təminatı ilə fəaliyyət göstərirlər:

“Pilot rayonlarda xəstəxanalar tam olaraq avtomatlaşdırılıb. Orada bütün qeydiyyat sistemi proqram üzərindən elektron qaydada aparılır. Bu yanaşmanı bütün xəstəxanalarda tətbiqi etməyi düşünürük”.

Z.Əliyev bildirib ki, hazırlıq işi çərçivəsində həyata keçirilən digər məsələlər müvafiq qurumlarla inteqrasiya, əməkdaşlığın təşkilidir:

“Biz yığımlarla bağlı Vergilər Nazirliyi ilə danışıqlara başlamışıq və bu qurumla sıx əməkdaşlıq edəcəyik. Bununla yanaşı, böyük təlimlərin keçirilməsi də gözlənilir. Bizim baş həkimlərlə və həkimlərlə çoxlu görüşlərimiz olacaq. Əhalinin bu xidmətlərdən daha yaxşı yararlanması üçün daha çox maarifləndirmə işləri aparacağıq”.

Z.Əliyev sadalanan bu işlərin 2019-cu ildə həyata keçiriləcəyini də nəzərə çatdırıb.

Qurum rəhbəri 2019-cu ilin agentlik üçün icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqi üzrə “hazırlıq ili” kimi qeyd olunduğunu da vurğulayıb:

“2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün bütün hazırlıq işləri başa çatdırılmalıdır ki, 2020-ci ildən ölkə üzrə icbari tibbi söğorta sisteminin tətbiqi tam həyata keçirilsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR