Tokio, 1 may, AZƏRTAC
Yaponiyanın Ətraf Mühit Nazirliyi mayın 1-də illik “Cool Biz” kampaniyasının başlandığını elan edib. Kampaniyanın məqsədi ölkədə elektrik enerjisinə qənaət olunmasıdır. Bu, eyni zamanda, Yaponiyanın qlobal istiləşməyə qarşı həyata keçirdiyi tədbirlərin bir hissəsini təşkil edir.
Kampaniya dövründə qapalı yerlərdə kondisionerlərin temperaturunun 28 dərəcə selsidən aşağı qoyulması qadağan olunur və əməkdaşlara qalstuksuz və pencəksiz işə gəlməyə icazə verilir. Kampaniya oktyabrın sonlarınadək davam edəcək.
Nazirliyin hesablamalarına görə, 2012-ci ildə bu kampaniyanın keçirilməsi nəticəsində ətraf mühitə 2,2 milyon ton karbon qazının atılmasının qarşısı alınmışdı. Bu, həmin kampaniyanın tətbiq edilməyə başladığı 2005-ci illə müqayisədə iki dəfə çoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio