Nazirlikdə 3 beynəlxalq yarışdan qayıdan idmançılarla görüş keçirilib

Gənclər və İdman Nazirliyində Fransanın paytaxtı Parisdəki Karate1 Premyer Liqa turnirində, İsrailin paytaxtı Təl-Əvivdəki cüdo üzrə Qran-pri yarışında iştirak edən idmançılarla və İsveçrənin Sankt Morits şəhərindəki ənənəvi qış polosu üzrə Dünya Kubokundan qayıdan “Land of Fire” komandasının üzvləri ilə görüş keçirilib.


Metbuat.az xəbər verir ki, görüş zamanı Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək mükafatçıları təbrik edib və 2019-cu ilin önəmindən danışıb:

"Ölkəmiz üçün ən məsuliyyətli illərdən biridir. Qarşıdan "Minsk-2019" II Avropa Oyunları gəlir. Həmçinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayıb. Azərbaycanda cüdo növü inkişafdadır. Bu sahəyə göstərilən diqqət öz bəhrəsini verməkdədir. Bundan sonra da cüdoçularımızın daha böyük uğurlar əldə edəcəklərinə inanıram. Karateçimiz Rafael Ağayevi də təbrik edirəm. Onun "Tokio 2020"də də sözünü deyəcəyinə əminəm. Sevindirici haldır ki, karate olimpiya proqramına daxil edilib. "Land of Fire"ın kollektiv idman növündə uğur qazanmasını xüsusi qeyd edərdim. Bu uğurda federasiya rəhbərliyinin də rolunu vurğulamaq yerinə düşər. Azərbaycanda idmana göstərilən diqqət və qayğı daim öz bəhrəsini verməkdədir. Təkcə may ayında Azərbaycanda 8 beynəlxalq yarış keçiriləcək. Bu da bizim idman ölkəsi olmağımızın bariz nümunəsidir".

Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev polo idman növünün uğurlarından danışıb:

"Polo komandamız bir neçə dəfə adını idman tariximizə yazdıra bilib. İsveçrədə keçirilən yarış elit turnirdir, donmuş gölün üzərində baş tutur. Üçüncü yer uğrunda görüşdə 5:0 hesabı ilə qalib gəldik. İlk dəfə Qarabağ atları bu yarışda şou göstərdi. 2020-ci ildə bu idman növü üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Sentyabr-oktyabr aylarına planlaşdırılan yarışda ev sahibi olaraq bizim və 7 Avropa ölkəsinin komandası iştirak edəcək. Həmin 7 komanda təsnifat mərhələlərindən sonra müəyyən olunacaq. Ümid edirik ki, polo idman növü yenidən olimpiya proqramına qaytarılacaq".

Cüdo üzrə millinin böyük məşqçisi Elxan Məmmədov çıxışı zamanı bildirib ki, Qran-pri ərəfəsində bir neçə idmançı problemlə üzləşib:

"İlin ilk yarışı idi. Nəticəni uğurlu saymaq olar. Ancaq bundan da yaxşı nəticə gözləyirdik. Təəssüf ki, Orxan Səfərov, Hidayət Heydərov və Rüstəm Orucov yarış ərəfəsində xəstələndilər. Elmar Qasımov isə ilk görüşdə zədələndi. Bu da onların çıxışına mənfi təsir göstərdi. Sevindirici haldır ki, yığmada Murad Fətiyev peyda olub. Onun olimpiadada iştirak edəcəyinə ümid bəsləyirik. Qrafikimiz çox sıxdır. Yaxın vaxtlarda Yaponiya və Fransada təlim-məşq toplanışlarımız olacaq".

Karate üzrə beşqat dünya və onikiqat Avropa çempionu Rafael Ağayev tədbirdə çıxış edərək bütün idmançıların 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəflədiklərini vurğulayıb:

"Məqsədimiz olimpiadaya lisenziya qazanmaq və orada da uğur qazanmaqdır. Parisdə çənəmdən zədə almışdım, 3 tikiş atdılar. Amma bu zədə bizi durdura bilməz. Yeni baş məşqçimizdən təkcə mən yox, hamımız razıyıq. Məşq prosesində hər şey çox gözəldir. Yarışda medal qazanandan sonra otelə qayıtdıq və hamımız birgə 45 dəqiqə qaçdıq. Bu, çox şeydən xəbər verir. Dizimdə və əlimdə böyük zədə var, əməliyyat olunmalıdır. Amma belə olsa, 3 ay yarışa qatılmayacaq və reytinqdə 1-ci yerdən 3-4-cü pilləyə enəcəyəm".

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov da bütün mükafatçıları təbrik edib:

"Karatedə rəqabət artıb. Artıq 200 ölkə bu idman növündə qeydiyyatdan keçib. Rəafel Ağayevlə bağlı isə onu demək istərdim ki, son yarışında finalda məğlubiyyətinə rəğmən, yaponlar da deyirlər ki, Rafael Ağayev məğlubedilməzdir və dünya karatesində iz qoyub. Onun olimpiadanın da qalibi olmasını istərdik.

Onu da qeyd edim ki, karate üzrə 55-ci Avropa çempionatı ölkəmizdə baş tutacaq. Çalışacağıq ki, ilboyu sözümüzü yarışlarda deyək".


Qeyd edək ki, Parisdə karateçimiz Rafael Ağayev (75 kq) gümüş, Təl-Əvivdə cüdoçularımz İrina Kinderzka (+78 kq) qızıl və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb, "Land of Fire" komandası isə İsveçrədə keçirilən dünya çempionatında 3-cü yeri tutub.

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR