Bakı, 1 may, Nihat Budaqov, AZƏRTAC
İran Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinə qoşulmaq üçün iştirakçı dövlətlərə heç bir müraciət etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində məlumat verib. “Biz TANAP-a perspektivli bir layihə kimi baxırıq. TANAP genişləndirilə biləcək böyük boru xəttidir. Nəinki Azərbaycanın, o cümlədən İranın, Türkmənistanın, hətta İraqın da qazının TANAP-la nəql olunması imkanı var. TANAP regionun ən böyük arteriyası olacaq”, - deyə SOCAR-ın prezidenti bildirib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
TANAP-ın səhmdarları: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.