Bakı, 1 may, AZƏRTAC
Banqladeş Xalq Respublikası maliyyə monitorinqi orqanının nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti və iş prinsipləri, PL/TMM sahəsində əldə olunmuş nailiyyətləri ilə tanışlıq, milli risk qiymətləndirilməsi və goAML analitik modulu üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizə səfər edib.
Bu barədə Maliyyə Monitorinqi Xidmətindən AZƏRTAC-a bildiriblər.
Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov nümayəndə heyəti ilə görüşüb. Görüşdə hər iki qurum arasında gələcək əməkdaşlığın vacibliyini vurğulayıb, belə səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini qeyd edib.
Görüşdə, həmçinin ölkələrin PL/TMM sistemi, goAML analitik modul proqramının tətbiqi, qarşıda duran vəzifələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.