Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnmiş 1 mart 2008-ci il hadisələri ilə əlaqədar Ermənistan Xüsusi İstintaq Xidmətində dindirilib.
Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Armtimes” informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Serj Sarkisyan Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.
Lakin Xüsusi İstintaq Komitəsində bu məlumatı şərh etməkdən imtina ediblər. İddia edilib ki, Sarkisyanın dindirilməsi davam etdiriləcək.
Qeyd edək ki, 1-2 mart 2008-ci il tarixində İrəvanın mərkəzində 10 nəfər ölüb. Prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.