Nikola Yurçeviç: "Azərbaycan millisində seçimin geniş olmaması problemi var"

Nikola Yurçeviç: "Azərbaycan millisində seçimin geniş olmaması problemi var"
10:42 14 Fevral 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ "Yolumuza Zaqrebdə başlamaq xoşdur".
"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç martın 21-də səfərdə Xorvatiya yığması ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçı ilə bağlı novilist.hr saytına açıqlamasında deyib. 53 yaşlı mütəxəssis hazırkı komandasının 2015-ci il sentyabrın 3-də Bakıda Xorvatiya ilə qolsuz heç-heçə etdiyini xatırladıb.
O bildirib ki, Azərbaycan yığması belə nəticələri ilə insanları yaxşı mənada təəccübləndirib. Amma Yurçeviçin fikrincə, Problem belə nəticələrin davamlı olmaması ilə bağlıdır. Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində yer aldıqları qrupdakı şansları belə dəyərləndirib: "Tam aydın məsələdir ki, hər bir komandanın qrupda öz istəkləri var. Xorvatiya qrupun mütləq favoritidir və bu komandanı yüksək qiymətləndirməyə bilmərik. Biz isə sizi təəccübləndirmək üçün şans axtaracağıq. Nəyə görə də hər halda Azərbaycan Avropa çempionatına vəsiqə arzulamasın? Təbii ki, buna ümid etmək lazımdır, elə deyilmi?"
Yurçeviçin sözlərinə görə, Azərbaycanda millinin sabiq baş məşqçisi, vaxtilə Xorvatiya yığmasında onunla birgə çalışmış Robert Prosineçkinin fəaliyyətindən razıdırlar: "Robi Azərbaycanda dərin iz buraxıb. Onu bu ölkədə indiyədək də sevirlər. Bu səbəbdən, Azərbaycan millisində işə başlamaq mənə çox asandır. Xoşbəxtəm ki, mənə Azərbaycan yığmasına rəhbərlik etmək imkanı yaradılıb. Bu, xoş hadisədir və mən çox motivasiyalıyam".
Yeni baş məşqçi Azərbaycan yığmasının əsas problemini də açıqlayıb: "Millinin, eləcə də daha çox futbolçusunun çıxış etdiyi "Qarabağ" və "Neftçi"nin bir neçə matçını izləmişəm. Burada çox yaxşı oyunçular var. Lakin hələ də komandanın geniş seçiminin olmaması problemi mövcuddur. Bununla belə, ümidvaram ki, final mərhələsinə yüksələ biləcəyik".
Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə fevralın 11-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi komanda AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Macarıstan, Slovakiya və Uelslə eyni qrupda yer alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nikola-yurcevic-millimizin-problemini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR