Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqiblərdən biri kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilib. Bu nailiyyətlərin əldə olunmasında daxili işlər orqanlarının idmançı əməkdaşları, DİN İdman Cəmiyyətinin yetirmələrini görmək olduqca sevindiricidir.
Metbuat.az xəbər verir ki, peşəkar idmançıların yetişməsində məşqçi-müəllimlərin rolu danılmazdır. Belə bir deyim var: “Məşqçi idmançının bələdçisi kimidir. Həmin bələdçi idmançını düz yolla aparanda uğur, səhv yolla aparanda isə müvəffəqiyyətsizlik meydana çıxır”.
İdman Cəmiyyəti İdmanın təşkili bölməsinin əməkdaşı, kiqboksinq üzrə məşqçi-müəllim Hikmət Hacıyevin yetirmələri də “bələdçilərinin” apardığı yolda hər zaman uğurlar əldə ediblər.
H.Hacıyevin yetirmələri ardıcıl olaraq 13 dəfə kiqboksinq üzrə ölkə çempionatının kubokuna sahib olub,dünya və Avropa çempionatlarında, peşəkar turnirlərdə dəfələrlə yüksək mükafatlar qazanıblar.
Onlar ötən il ərzində üç dəfə ölkə, dəfələrlə isə xatirə turnirlərində kuboka sahib olublar. Bu sıraya dünya və Avropa çempionatlarında 8, ölkə çempionatında isə 55 medal qazanılmasını da əlavə etsək, uğurların miqyası tam aydın olar. Qazanılan medallardan 19-u qızıl, 12-si gümüş, 32-si bürüncdür.
Dekabrın 13-də dövlət başçımızın iştirakı ilə ötən ilin idman yekunlarına həsr olunmuş tədbirdə təltif olunanlar arasında daxili işlər orqanlarının əməkdaşları, DİN İdman Cəmiyyətinin təmsilçilərini görmək qürurverici idi.
Həmin tədbirdə cənab İlham Əliyevin idmanın inkişafında və əldə etdiyi yüksək nailiyyətlərə görə bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderini təqdim etməsi onlara göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürü oldu. Hikmət Hacıyevin yetirmələrindən Ramal Aslanov da təltif olunanlar sırasında idi.
Kiqbksinq üzrə ölkəmizin idman cəmiyyətləri və klubları arasında ən çox dünya və Avropa çempionları da DİN İdman Cəmiyyətində yetişib. Onların arasında polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları üstünlük təşkil edir.
Fevralın 15-dən 17-dək Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında keçirilən ölkə çempionatında da kiqboksçularımız növbəti dəfə komanda hesabında ölkə kubokunun sahibi olublar. Komandamız bu yarışda ümumilikdə 16 – 8 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Gənclərdən ibarət milli komandamızın baş məşqçisi Hikmət Hacıyev deyir ki, əldə edilən nəticələr ölkəmizdə, eləcə də, daxili işlər orqanlarında idmanın səmərəli təşkilinin, idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğıya cavab olaraq hər birimiz etimadı doğrultmağı özümüzə şərəf, borc bilirik.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla