Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Vilvan kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Əliniyaz Ağayev, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev çıxışında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirib. Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması və yüksək təhsil almasının zəruriliyini vurğulayıb.
Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov çıxışında gənclərin zərərli vərdişlərdən qorunması, sağlam ruhda formalaşmasının əhəmiyyətini qeyd edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə və erkən nikaha qarşı mübarizədə effektivliyini diqqətə çatdırıb. Şöbənin digər əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm, erkən nikah və onların fəsadları haqqında məlumat verərək gənclərin bu baxımdan diqqətli olmalarının vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.