Oktyabr İnqilabının sifarişçiləri - Lenin kimə xidmət edirdi?

Oktyabr İnqilabının sifarişçiləri - Lenin kimə xidmət edirdi?
22:57 5 May 2019
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya tarixində baş verən inqilabların əksəriyyətinin arxasında xarici qüvvələr dayanır. Heç bir halda maliyyələşməyən inqilab baş tuta bilməz. 20-ci əsrin ən böyük inqilabı isə 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr İnqilabıdır. Oktyabr İnqilabı barədə kifayət qədər məlumat, kitab, film var. Bəs bu inqilabın pərdə arxası aktyorları kim idi? Lenin kimə arxalanırdı və maliyyəni haradan almışdı?

Milli.Az ölkə.az-a istinadən bu barədə araşdırmanı təqdim edir. Amma ilk əvvəl Oktyabr İnqilabı və bu inqilabın baş aktyoru Vladimir İliç Lenin barədə qısa məlumat verək:

Oktyabr İnqilabını yaradan səbəblər

XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında da baş verirdi. Bunun nəticəsində Rusiya hökuməti nümayəndələri o zaman üçün çox da populyar olmayan II Nikolayı qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin artıq çox gec idi. Xalq 9 yanvar 1905-ci ildə etiraz məqsədi ilə nümayiş keçirdi. Nümayişdə insanlar əsasən iş saatlarının çoxluğundan və yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000-dən artıq insan həlak oldu.

Bu hadisə Rusiyada çox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyyətinə qarşı çox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə qanlı bazar adı ilə keçdi. Leninin tərəfdarlarını nə qədər boğmağa çalışsalar da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar 2-ci Nikolay 1906-cı ildə konstitutsiyanı qəbul etməli oldu.

Milad təqviminə görə, 8 mart 1917-ci ildə Dünya Qadınlar günündə başlanan etirazlar isə son dərəcə sülhsevər başlamışdı. Hökumət çox keçmədən maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.

İnqilab

Həmin ərəfədə İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Buna ən başlıca səbəb isə Rusiyanı müharibədən uzaqlaşdırmaq idi. O, alim Plexanovun görüşlərindən təsirlənərək Marksizm-Leninizm ideyalarini irəli sürür. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Belə ki, işçilər öz iş yerlərindən çıxaraq çarın sarayına hücum etdilər. Çarı taxtdan saldılar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkədə cümhuriyyət elan edildi. Daha sonra seçici hökumət tətbiq edilir və bu hökumətin başçısı əvvəl Milyukov, daha sonra Teresenko olur. Ancaq hökumət yalnız burjualardan ibarət idi. Məqsəd yenə də proletariya inqilabı səciyyəsini daşıyırdı. Leninin o zaman üçün olan bir şüarı belə idi ki, bütün iqtidar sovetlərdə cəmlənsin. Elə bu şüarla da inqilaba başladılar.

Lakin üsyandan öncə Petroqrad sovetləri leninistlərə qarşı hücuma başladı və 1917-ci ilin iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçdı. Lakin 3 aydan sonra, oktyabr ayında Lenin bütün iqtidar sovetlərə öz şüarı ilə inqilab etdi və özü başda olmaqla yeni hökumət quruldu.

1917-ci ildə Antanta ittifaqında müharibənin sona qədər davam etdirilməsi ilə bağlı qərar qəbul olundu. Bu zaman Rusiya və Fransa gizlin olaraq Almaniya ilə sərhədlərini müstəqil şəkildə bölmək qərarına gəldilər.

Müvəqqəti Hökumət dövründə nazir bəyan etdi ki, bu müharibə almanlar üzərində qələbəylə yekunlaşmayana qədər davam etməlidir. Ümumiyətlə isə Rusiya o dövrdə çar Sazanovun hakimiyyətindəki siyasətə bənzər siyasət aparırdı. Daha bir maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Rusiya daxildə baş verən bu narazılıqlar səbəbi ilə tərəfdaşlarından Almaniya üçün nəzərdə tutulan əməliyyatları bir neçə aylıq gecikdirməyi xahiş etsə də, İngiltərə və Fransanın təkidi almanların şərq sərhədlərindən xeyli üstünlük əldə etmələrinə gətirib çıxardı. Bu, ölkənin həm daxili, həm də xarici vəziyyətini daha da pisləşdirdi.

Sovet hakimiyyətinin ilk qoyduğu qanun bütün mülkədarların torpaqlarının müsadirə edilib kəndlilərə paylanması ilə nəticələnən Sülh və Torpaq haqqında qanun oldu. Leninin sosialistik ideyalarına əsasən, fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı mülkədarlara isə xalq düşməni imici verilmişdi.

Vladimir İliç Lenin

Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun - İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı var idi. Leninin ailəsi çoxmillətli idi və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir - çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla bitirmişdi. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunmuşdur.

Onun böyük qardaşı 1887-ci ildə III Aleksandra qarşı "narodovolçuluq"da ittiham olunub, edam edildi. Bəzi tarixçilərin yazılarına əsasən, Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlətdi - "Başqa cür hərəkət etmək lazımdır!".

1895-ci ilin dekabrında Lenin həbs edilir və Yenisen quberniyasının Şuşenskoe kəndinə 3 il müdətinə sürgün olunur. Lenin burada 1898-ci ilin iyulunda N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir.

1900-cu ildə Leninin sürgünlük müddəti bitir. O, elə həmin il Rusiyanı tərk edir. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoyur.

1905-1907-ci illər inqilabı Lenini İsveçrədə haqlayır. Lenin özgə soyadla Peterburqa gəlir və aktiv fəaliyyətə başlayır. Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradan da 1907-ci ilin payızında yenidən xaricə çıxır.1908-ci ilin ilk günlərində Lenin İsveçrəyə qayıdır.

5 may 1912-ci ildə ilk leqal Bolşevik qəzeti olan "Pravda"-nın ("Həqiqət") ilk nömrəsi çıxır. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 1912-ci ilin sonlarından başlayaraq Avstriya-Macarıstanın ərazisində yaşamağa başlayır. Birinci dünya müharibəsi onu məhz bu yerdə haqlayır. Avstriya jandarmı Lenini çara şpionluqda ittiham edib tutur, lakin tezliklə buraxır. Qayıtdıqdan sonra Lenin "Başlanmış müharibə imperialist, hər iki tərəfdən ədalətsiz müharibədir və işçi qüvvələrinin maraqlarına uyğun deyil" fikri ilə çıxış etməyə başlayır.

1917-ci il fevral inqilabından (bu hadisə haqqında Lenin qəzetdən oxuyur) sonra Almaniya hökuməti Leninə bir qrup partiya silahdaşı ilə birlikdə İsveçrədən çıxıb Almaniya vasitəsi ilə Rusiyaya keçməsinə icazə verir. Lenin "Plomblanmış" deyilən vaqonda hərəkət edirdi-başqa sözlə ona və onun silahdaşlarına vaqonu sərhədə kimi tərk etmək qadağan olunmuşdu. Həmçinin alman hakimiyyəti çox gözəl bilirdi ki, Lenin kimdir və onun ideyaları qanlı vuruşmanı davam etdirmək niyyətində olan Rusiya üçün necə sosial partlayışa səbəb ola bilər. Hətta belə bir hipotez mövcuddur ki, məhz bu səbəbdən almanlar Leninə öz ərazilərindən sərbəst keçməyə icazə vermişlər.
Lenin Rusiyaya 3 aprel 1917-ci ildə çatır. Növbəti gün, 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış edir. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşür. Lenin burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə edir.

20 iyulda müvəqqəti hökumət Leninin həbsi haqqında əmr verir. O, bir müddət Petroqradda, daha sonralar 21 avqusta kimi Petroqraddan bir az aralıda - Razliv gölü ətrafında, oktyabrın əvvəllərinədək isə Finlandiyada gizlənməli olur.

4 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəlir və o vaxtki Petroqrad şurasının sədri L.D. Trotskiy ilə birlikdə inqilabi oyanışın birbaşa rəhbərliyi ilə məşğul olmağa başlayır.

A.F.Kerenskini hakimiyyətdən devirmək üçün Leninə 2-gün lazım oldu. Noyabrın 7-də Lenin Müvəqqəti hökumətin devrilməsi haqqında müraciət imzalayır. O, elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin-başda özü olmaqla Xalq Kommissarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul edir.

İndi isə gələk bəzi tarixçilərin iddiasına, yəni Oktyabr İnqilabının sifarişçilərinə:

1-Aleksandr Parvus

Tarixi proseslərə birbaşa müdaxilə etsə də, kölgədə qalan şəxsiyyətdir. Bu şəxsiyyətlər bütün potensiallarını bu yolda xərcləsələr də, müasirləri tərəfindən unudulur və heç bir zaman xatırlanmır. Aleksandr Parvusu o vaxtlar inqilabın taciri adlandırsalar da, sonradan fəhlə hərəkatının düşməni elan etdilər. Parvus üzdə olan rus inqilabçılarının Avropa sosializmi məsələsində müəllimi sayılır. 1901-1902-ci illər ərzində Lenin və Krupskayanın görüşdüyü yeganə alman sosialisti idi. Onunla görüşmək üçün cütlük hətta Parvusun yaşadığı Şvabinq (Münhen) rayonuna da gedirdi. Bundan başqa Parvus Lev Trotski ilə də 1904-cü ildə bir neçə dəfə görüşüb. Aleksandr bolşevikləri maliyyələşdirir, pul əldə etmək üçün hər yola əl atırdı. O, həm də bolşeviklərin mənimsədikləri ideyaların müəllifi idi. Hakimiyyəti silah gücünə qəsb etmək fikri də ona məxsusdur.

2-Alman Baş Qərargahı

Rusiya inqilabının Alman Baş Qərargahı tərəfindən maliyyələşdirildiyi faktı bir çoxuna məlumdur. Yuxarıda da qeyd etdiyimiz plomblu vaqon barədə də çox adam bilir. Hadisələr belə cərəyan edib: Aleksandr Parvus 1-ci dünya müharibəsinin başladığını öyrənəndə hiyləgər bir plana əl atır. Bu plana əsasən, alman qərargahı Rusiya inqilabına pul ayırır, daxili konfliktlərə başı qarışan Çar Rusiyası müharibədə iştirak etmir. Bu məqsədlə sosial-demokratlara, Ukrayna və Zaqafqaziya separatistlərinə, Finlandiya və Baltikyanı ölkələrdəki milliyyətçilərə maliyyə yardımı və dəstək verilir. Bundan başqa, Parvus geniş propaqanda ilə məşğul olmağı da təklif edir. Maliyyə sxemi dəqiqliklə işləndi. Parvusa məxsus olan və Kopenhagendə yerləşən şirkətinə alman hökumətindən pul köçürülür. Parvus bu pulun köməyi ilə Rusiyada qıt olan malları alır və imperiyaya göndərir. Bu malları Rusiyada Simenson adlı bolşevik qadın qəbul edir, sataraq əldə olunan pulları Leninə ötürürdü. Pul köçürmələri İsveçin "Nia Banken" bankı tərəfindən həyata keçirilirdi və bu qurum da Olaf Aşberqə məxsus idi. Alman baş qərargahı Parvusun şirkətinə 10 milyon mark pul ötürmüşdü. Bundan başqa bolşeviklərə cənab Moor, yəni alman agenti də pul ötürürdü.

3-Antanta

Rusiya inqilabı "Antanta" dövlətlərinin xeyrinə idi. Rusiyanın müharibədən sonrakı "bölgülərdə" iştirakı istənmirdi. Bundan başqa, İngiltərə və Fransa üçün müharibə avtoritar hakimiyyətə qarşı azadlıq mübarizəsi idi. Çar Rusiyasının müttəfiqlərin demokratik düşərgədə iştirakı ideoloji müharibə üçün mənfi cəhət idi. London qəzetləri Fevral İnqilabını "hərbi işdə qələbə" kimi qiymətləndirdi.

İngiltərə Rusiyada baş verən dəyişiklikləri diqqətlə izləyirdi. Əsas məqsəd lazım olan qüvvələrə zamanında yardım göstərmək və dəstəkləmək idi. Britaniyanın Rusiyadakı səfiri Byükenen hadisələrin inkişafına dair bütün məlumatları Londona ötürürdü. Nəticədə İngiltərə hökuməti bolşevikləri dəstəkləmək qərarını qəbul etdi. Müttəfiq dövlətlər müəyyən vaxta qədər hər iki tərəfi, yəni həm bolşevikləri həm də menşevikləri dəstəklədilər. Bu hadisələr nəticəsində Rusiya imperiyasının müflisləşməsi və parçalanması onların xeyrinə idi. Eyni zamanda, gəlirli qaynaqlara yol açdığı üçün inqilab İngiltərənin lehinə idi.

4-Neft oliqarxları

İnqilabı və bolşevikləri dəstəkləyən ən böyük faktorlardan biri də Bakı nefti idi. 1919-cu ilin noyabrında ingilislər Bakını və Batum limanına qədər olan dəmir yolunu işğal etdilər. İngilislərin hiyləsinə uyan gürcülər ruslara və könüllü orduya qarşı düşmən münasibəti bəsləməyə başladılar. Tiflisdə ruslara qarşı güclü nifrət yarandı.

Knyaz Aleksandr Mixayloviç bir kitabında qeyd edib: "Trotskiy yazır ki, deyəsən müttəfiqlər Rusiyanı İngiltərənin müstəmləkəsinə çevirmək istəyirlər. Bəyəm Trotski haqlı deyil? "Royal Dutch Shell" şirkətinin sədri ser Henrix Deterdinqin konspirasiyasına və ya Dizraeli-Bikonsfildin köhnə proqramına əsasən, Britaniya xarici işlər nazirliyi Rusiyaya öldürücü zərbə vurmaq istəyir və imperiyanın ərazilərini müttəfiq və vassallar arasında bölüşdürmək istəyir".

5-Uoll-strit

Oktyabr inqilabının maliyyələşdirilməsi məsələsində Almaniya baş qərargahı birinci yeri tutmur. Bu məsələdə liderliyi Uoll-strit həyata keçirib. Oktyabr inqilabının maliyyələşmə məsələsi birbaşa Lev Trotskinin adı ilə bağlıdır. O, inqilaba qədər Nyu-Yorkda yaşayıb. Onun Nyu-Yorkda sürücüsü və şəxsi avtomobili, evində isə soyuducu və tozsoran olub! O dövr üçün bu çox böyük dəbdəbə sayılırdı.

Sonradan ABŞ prezidenti Vudro Vilsonun verdiyi 10 min dolları (indiki pul ilə 200 min dollar) götürərək, missiyasını həyata keçirmək üçün Amerikanı tərk edir. Uoll-strit maliyyəçiləri üçün Trotskiy öz adamları sayılırdı. Onun ABŞ və Avropada yaşayan qohumları milyonçu idi. Bu adamlar bolşeviklər və Qərb arasında ticarət münasibətlərini qaydaya salırdılar.

1918-ci ilin 1 may tarixində, qırmızı inqilabın bayram günlərində Rusiya ilə əməkdaşlıq və yardımlaşma məqsədi ilə Amerika liqası yaradıldı. Humanitar yardım adı altında Amerika iş adamları Rusiyaya səfər etdi. Rusiyadan köçürülən pulların məbləği çox yüksək idi. Pullar İsveç və Amerika banklarına ötürüldü. Varburq və Morqan tərəfindən idarə edilən "Amerika beynəlxalq korporasiyası" bolşeviklərlə ticarət əlaqələrini yaxşılaşdırmaq üçün fəaliyyətə keçdi. Maliyyə qurumları rus sərvətlərinin talan edilməsi qarşılığında misilsiz dividend alırdılar.

6-Mühafizəkarlar

Oktyabr inqilabının uğurlu alınmasında mühafizəkarların da rolu olub. Keçmiş monarxlar və monarxiyanın qeyri-rəsmi müxalifəti sayılan mühafizəkarlar 20-ci əsrin əvvəllərində ticarətdə böyük uğurlar qazanmışdılar. Məlumdur ki, inqilab Savva Morozov və digər ailələr tərəfindən dəstəklənirdi. Çünki, mühafizəkarlardan çıxan tacirlər və sənayeçilər ingilis həyatına alışmışdılar və ingilis sənayeçiləri ilə bağlanan gizli müqavilələri dəstəkləyirdilər. Rusiya bazarında tekstil və pambıqçılıq üzrə monopolistə çevrilən ingilis əsilli Knop, imperiya ərazisində 122 fabrik açmışdı. Bu fabriklər mühafizəkarlar tərəfindən idarə edilirdi. Hətta o dövrlərdə xalq arasında belə deyim yaranmışdı: "Kilsə olan yerdə keşiş, fabrik olan yerdə Knop var". Savva Morozov isə Kembricdə oxumuşdu və ingilis dilini mükəmməl səviyyədə bilirdi.

7-Rusiya xalqı

Əslində bir ölkədə xalq inqilab istəməsə, onu həyata keçirmək qeyri-mümkündür. Beynəlxalq sui-qəsd nəzəriyyələri, maliyyə mənbələri nə qədər güclü olsa da, bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, rus xalqı inqilaba hazır idi. Müharibədən və cəbhədən fərarilik, monraxiyadan narazılıq kimi faktorlar xalq arasında inqilab əhval-ruhiyyəsini artırırdı. Bu isə, Oktyabr İnqilabının uğurlu alınmasında həlledici rolu oynadı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR