Bakı, 7 may, Laçın Sultanova, AZƏRTAC
“Rusiya – İslam dünyası” strateji baxış qrupunun fəaliyyət planının həyata keçirilməsi çərçivəsində iyunun 10-dan 17-dək Kazanda “İnnovasiyalar dialoq və əməkdaşlıq üçün” gənclər düşərgəsi keçiriləcək.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, düşərgə gənclərin müəllif layihələrinə dəstək vasitəsilə müsəlman ölkələri və Rusiya Federasiyası gənclərinin potensialının realizə olunması üçün şərait yaradılmasına yönəldilib.
Düşərgənin iştirakçıları dünyanın 30-dan çox ölkəsinin gənc sahibkarları və innovasiya layihələrinin müəllifləri, habelə Rusiya regionlarının gəncləri olacaqlar.
Tədbirin təşkilatçıları İslam Əməkdaşlıq Təşkilatının Gənclər forumu, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənc sahibkarlar şəbəkəsi, Tatarıstan Respublikasının Gənclərə dair İşlər və İdman Nazirliyi, Tatarıstan Respublikası gənclərinin “Selet” ictimai fondudur.
Düşərgənin proqramına layihə idarəçiliyinin yeni keyfiyyətinin və gənclərin yeni beynəlxalq layihələrinin formalaşdırılmasının tədrisi daxildir. Ən yaxşı layihələr Rusiyanın və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “KAZANSUMMIT-2015” 7-ci Beynəlxalq iqtisadi sammiti çərçivəsində geniş ictimaiyyətə təqdim ediləcək.
Tədbirdə iştirak etmək üçün 2015-ci il mayın 15-dək sifarişləri göstərilən sayta göndərmək lazımdır: www.kazanyouthcamp.com. “Upper-intermediate” səviyyəsində ingilis dili biliyi tədbirdə iştirak etmək üçün mütləq şərtdir.