Bakı, 8 may, Nihat Budaqov, AZƏRTAC
Rusiya və Türkiyə 2016-cı ilin dekabrında “Türk axını” qaz boru kəmərinin istismara verilməsinə və bu kəmər vasitəsilə qaz təchizatına dair razılığa gəliblər.
AZƏRTAC “Gazprom”un saytına istinadla xəbər verir ki, şirkətinin rəhbəri Aleksey Miller Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ilə görüşüb. A.Miller və T.Yıldız “Mavi axın” qaz boru kəmərini və Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə yeni qaz kəmərinin tikintisi layihəsinin modernləşdirilməsini müzakirə ediblər.
Bildirilib ki, “Mavi axın” qaz boru kəməri vasitəsilə bu ilin ilk dörd ayında Rusiyadan Türkiyəyə təxminən 5,4 milyard kubmetr qaz nəql olunub. Bu rəqəm 2014-ci ilin analoji dövrünün göstəricisindən 4 faiz çoxdur.
“Biz bir çox konstruktiv və əhəmiyyətli danışıqlar apardıq. İki ölkə arasında 2016-cı ilin dekabrında “Türk axını” qaz boru kəmərinin istismara verilməsi və bu kəmər vasitəsilə qaz təchizatına dair razılıq əldə olundu”, – deyə A.Miller qeyd edib.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur.