Bakı, 8 may, AZƏRTAC
İndiyədək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 155 layihə çərçivəsində 2.5 milyard ABŞ dolları məbləğində kredit ayırıb.
Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər barədə nümayəndə heyətinə geniş məlumat verib.
Nazir Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verildiyini, S.Çakrabartinin ölkəmizə səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlib, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir. AYİB tərəfindən indiyədək özəl sektorda 145 layihə maliyyələşdirilib. 2014-cü ildə özəl sektorda 21 layihəyə bank tərəfindən 238 milyon avro kredit ayrılıb. Hazırda özəl sektorda 20 layihənin maliyyələşdirilməsi üçün AYİB ilə müzakirələr aparılır. Qeyd olunub ki, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şahin Mustafayev AYİB ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə toxunaraq sənaye və kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet istiqamətləri olduğunu vurğulayıb, bu sahələrdə bankla əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsində sənayenin inkişafı mühüm rola malikdir, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib, sənaye parkları və məhəllələrinin yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi prioritet sahələr kimi müəyyənləşdirilib. Şahin Mustafayev AYİB-i bu sahəyə investisiya yatırmağa dəvət edib. Bundan başqa, Bankın kənd təsərrüfatı üzrə kiçik və orta sahibkarlara maliyyə dəstəyi göstərməsi, infrastruktur və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədəuyğundur. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev AYİB-in növbəti illik topantılarından birinin Bakıda təşkil olunmasını təklif edib.
AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib. AYİB prezidenti Azərbaycana dair Ölkə Strategiyasının iqtisadiyyatın diversifikasiyası prioritetlərinə uyğunlaşdırılmasını, ölkədə korporativ idarəetmənin genişləndirilməsi üzrə əməkdaşlığı dəstəklədiyini bildirib, kiçik və orta sahibkarlığın təşəbbüslərinə önəm verdiyini qeyd edib. S.Çakrabarti bankın sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin AYİB nümayəndələri və bank ilə birgə həyata keçirilən layihələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.