Bakı, 12 may, Gülnar Bəşirova, AZƏRTAC
Paytaxtın ictimai nəqliyyatında vahid kart sisteminin tətbiqinə “Bakı-2015” birinci Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, artıq Bakı metrosunda vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri yekunlaşıb: “İctimai nəqliyyat vasitələrində isə vahid kart sisteminə keçilməklə bağlı müvafiq işlər görülür. Demək olar ki, proqram təminatı, texniki tələblər, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb”.
Musa Pənahov hazırkı kartlarla yeni kartların necə əvəz olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, əgər hazırkı kartlarda vəsait varsa, həmin vəsait bitənə kimi o kartdan istifadə etmək mümkün olacaq. Daha sonra isə həmin kartlar dəyişdiriləcək.
Nazir müavini diqqətə çatdırıb ki, yeni yaradılan "BakuBus" MMC-yə məxsus avtobuslar xəttə buraxıldıqdan sonra tətbiq ediləcək qiymətlər bugünkü tariflərlə eyni olacaq: “Sadəcə olaraq vətəndaşlar bilməlidir ki, yeni avtobuslar daha müasirdir. Bəlkə də belə müasir avtobuslardan Avropada da çox az istifadə olunur. Ona görə də, vətəndaşlardan xahiş edirik ki, bu avtobuslara diqqətlə yanaşsınlar, onu qorumağa çalışsınlar".