Bəxtiyar Xanızadə: “Aktyor və rejissor olmaq istəyənlər yox dərəcəsindədir” - MÜSAHİBƏ

Bəxtiyar Xanızadə: “Aktyor və rejissor olmaq istəyənlər yox dərəcəsindədir” - MÜSAHİBƏ
12:09 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Pantomima Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadənin APA-ya müsahibəsi

 

- Bəxtiyar müəllim, deyəsən, səhhətiniz sizi incidir...

 

- Görünür, yaş sözünü deyir. İnsan yaşlaşdıqca, üzü o tərəfə getməlidir.

 

- Bədbin başladıq...

 

- Yox, niyə bədbin? Belə bir misal var: 50 yaşdan sonra yuxudan duranda heç yerin ağrımırsa, deməli, ölübsən. Əvvəl-axır onsuz da ağrıyacağıq.

 

- Əvvəlcədən razılaşdıq ki, ancaq teatrdan danışacağıq, amma “çətin” adamlardan təxminən cavabını bilə-bilə qəsdən soruşuram: mətbuatdan uzaq gəzməyinizin səbəbi nədir?! 

 

- Bunun müxtəlif səbəbləri var. Son on il ərzində elə bir jurnalist, teatrdan yazan insan gəlmir ki, mən ona teatrdan nə isə danışım. Dostlarım deyir, nə qədər eyni şeydən danışmaq, yazmaq olar? Elə nə vaxt mənim haqqımda yazı oxuyurlar, bilirlər ki, Pantomima Teatrı neçənci ildə yaradılıb, bu əsərlər tamaşaya qoyulub və s. Deyirlər, bunları bildik də, bəs sonra? Mən özüm-özümə danışası deyiləm. Teatrdan müsahibə vermək üçün o müsahibəni alan adam gərək müəyyən suallar tərtib edə bilə, bizim teatrın yaradıcılığı ilə tanış ola. Düzgün başa düşün, bu söhbətimizdən sonra yəqin ki, beş il heç kimə heç nə danışmayacağam. Məni televiziyalara çağıranda əvvəlcədən şərt kəsirəm ki, ailədən və siyasətdən suallar verməyin. Ailə mənim özümünküdür, onun heç kimə aidiyyəti yoxdur, siyasət də... Mən o həddə deyiləm ki, siyasətə baş qoşam, bu haqda fikir deyəm. Ümumiyyətlə, yaradıcı adamların bu istiqamətə meyllənməsinin tərəfdarı deyiləm. Yaradıcı adam öz işi ilə məşğul olmalıdır.

 

- Sənət adamı cəmiyyətdə baş verən hadisələrə yalnız öz işi ilə münasibət bildirməlidir? Yəni danışmasına ehtiyac yoxdur?

 

- İş varsa, danışmaq nə deməkdir? Ortalıqda olan iş hər şeyi ifadə edir. Problem bilirsiniz nədədir? Hərə öz işi ilə məşğul olsa, cəmiyyət daha çox qazanar. Mən ətrafımda olan gənclərin təlim-tərbiyəsi, dünyaya baxışı ilə məşğul oluramsa, deməli, on nəfər cəmiyyətə lazımlı insan yetişir. Burda danışmağa nə ehtiyac var? Yaxud danışsan, nə olacaq?!

 

- İstedadını və sənətkarlığını qiymətləndirdiyiniz insanlar varmı ki, siyasətə və ailə-məişət söhbətlərinə qurşanıb sizi təəssüfləndirirlər?

 

- Varsa da, görüşəndə fikrimi onlara demişəm.

 

- Hazırda hansı tamaşa üzərində iş aparırsınız?

 

- Burda başqa bir problem çıxır: mən gördüyüm işdən danışmağı sevmirəm. Pantomima çox çətin teatr növüdür. Azərbaycanda bunun cəmi 20 yaşı var. Mütəxəssis yoxdur, universitetdə bu sahə üzrə aktyor hazırlanmır və s. Aktyorlar bu teatrda yetişirlər. Hazırladığım tamaşaların axırının necə olacağını bilmirəm. Dəfələrlə olub: əlimdəki işi sona çatdırmışam, sonra bağlayıb qoymuşam qırağa. Vaxtım da gedib, vəsait də gedib, amma razı olmamışam. Bu bir qədər qəribə səslənə bilər ki, bəs xərclənən vəsait necə olsun? Xərcləmişəm! Amma həmin vəsaiti sonradan başqa tamaşada istifadə etmişəm. Yəni boş-boşuna xərclənməyib. Tamaşa alınmayıbsa, onu niyə kiməsə göstərməliyəm?!

 

- Bəs kollektivə nə cavab vermisiniz?

 

- Buna kollektivlə bir yerdə qərar vermişik. Teatr yaranan gündən düşünmüşük ki, biz axtarışdayıq.

 

- Kollektiv bunu bədii rəhbər və baş rejissorun kaprizi və şıltaqlığı kimi qəbul etmir ki?

 

- Bilirsiniz, onlar necə istəyir, qəbul edirlər. Burda qapı o tərəfə də açıqdır, bu tərəfə də. Mən Şərq təlim və təhsil üsulunu çox bəyənirəm. Yəni tələbə müəllimi seçir ki, mən sənin şagirdin olmaq istəyirəm. Seçirsənsə, deməli, aydın məqsədin var. O mənada ki, həmin müəllimin tutduğu yol sənə xoşdur və o yolla getmək istəyirsən. Yox, istəmirsənsə, niyə qoşulmuşdun? Mən burda aktyorları seçmirəm. Dedim, qapı iki tərəfə də açıqdır. Özünü bizim teatrda görmək istəyən kifayət qədər adam var. Deyirlər ki, Bəxtiyar müəllim, gəlmək istəyirik. Deyirəm, gəl, qoşul. Üç gün, beş gün, hətta ştata dörd il götürmədiyim aktyorlar olub. Eləsi olub, iki il gəlib-gedib, ştata götürməmişəm. Özü də başa düşüb ki, yeri səhv düşüb, yolu bizimlə bir deyil. Belə metod daha düzgündür və bu qaydada işləyəndə sizin verdiyiniz sual onlar üçün ortaya çıxmır. Bu kapriz deyil. Azərbaycana ilk klounadanı mən gətirmişəm. 1996-cı ildə Ramiz Mirzəyev yeni il gecəsi çəkirdi və karnaval səhnəsini bizdən xahiş elədi. O vaxt bizim klounlar yarandı və çəkilişdə, Allah rəhmət eləsin, meyxanaçılar da iştirak edirdilər, onlar klounlara ad qoydular. Sonra restoranlardan birinin rəhbəri bizim qapını döydü ki, istəyirik, sizin tamaşalar bizim restoranda oynanılsın. Mən dedim, belə şey etməmişəm, Bakıda da görməmişəm, restoranda nə tamaşa? Təkid etdi və başa düşdüm ki, bu adam bizim teatrın fəaliyyətindən xəbərdardır, izləyir. Ona görə razılaşdım və restoranda tamaşa oynamağa başladıq. İndiki kimi cır səslə qışqırıb nə isə etmirdik, tamaşa oynayırdıq. Yəni bizim aktyorlar stolların arasında gəzmirdilər, əksinə, hazır səhnə oynayıb çıxırdılar. Uzun illər biz bununla məşğul olmuşuq. Görəndə ki, say artdı, artıq mən uzaqlaşdım. Yenə sualınıza qayıdıram: bir tamaşanın üç il ərzində on versiyasını hazırlamışam, truppa ilə baxmışıq ki, yox, alınmayıb, qoyduq qırağa. Sonda başa düşdüm ki, Akutaqavanın remarkası var, deyəsən, onu düzgün anlamamışam. Özü də çox gözəl tamaşalar alınırdı, amma mənim istədiyim ortalığa çıxmırdı.

 

Teatrın aktyorları toylarda kloun və tamada kimi çıxış edirlər?

 

- Mənim aktyorlarımdan toya gedən, səhv etmirəmsə, yoxdur. Amma gedirsə də, burda problem görmürəm. Toya gedib sənətlə məşğul olursa, üstəlik, dolanmaq üçün pul da qazanırsa, burda qəbahət yoxdur.

 

- Bunu aktyorun dolanışıq məcburiyyətindən qəbul edib qəbahət hesab etmirsiniz, yoxsa...

 

- Yox, mən dedim ki, normal sənətlə məşğul olursa, niyə də yox? Ümumiyyətlə, bu sənət küçədən gəlib, küçəyə də qayıtmalıdır. Əstəğfürullah, o mənada demirəm ki, restoran küçədir. İstərdim, küçələrdə tamaşalar oynanılsın. Küçə daha böyük imtahandır. Sən o tamaşaçını saxlaya biləcəksənmi?

 

- Sizin teatrın rəqibi yoxdur. Meydanda tək olduğunuza görə tamaşaçıların marağı cəlb edə bilirsiniz, yoxsa oxşar teatr olsa, yenə eyni auditoriyanı saxlaya bilərsiniz? 

 

- Ümumiyyətlə, rəqibin olmamağı bütün istiqamətlərdə ziyanlıdır. Rəqib inkişaf üçün kömək edir. Amma bu, müəyyən yaş həddi üçün keçərlidir. Bu gün mənim rəqibim var və ya yoxdur - buna ehtiyac hiss etmirəm. Müəyyən yaş həddində rəqib adamı nəyi isə öyrənməyə məcbur edir. Mən bu yaşda bilirəm ki, filan işi edə bilərəm, ya yox. Nəyi isə bilmədiyimi də anlayıram. Bu gün ikinci bir Pantomima Teatrı yaransa, bilmirəm ona maraq nə dərəcədə olacaq. Teatrla məşğul olan adam bilməlidir ki, teatr nədir. Əgər adam onu bilmirsə, nə istəyir etsin, əvvəl-axır bir əmması çıxır. İnstitutda tələbələr mənim haqqımda deyirlər ki, Bəxtiyar müəllim sima sevən adamdır. Aktyorun siması gözəl olmalıdır. Baxın, görün nə qədər...

 

- Hər iki mənada simasız aktyor var?

 

- (Gülür) Yox, o biri mənada simasız demək pis çıxar. Yəni mən siz dediyinizi nəzərdə tutmuram. Vaxtilə yunan teatrında taxta ayaqqabılar geyinirdilər ki, aktyor bir az hündür görünsün. Ən azı biz teatra ona görə baxmağa gedirik ki, orda gözəl kişi və qadın görək, onun gözəl plastikası, diksiyası olsun ki, məndə yoxdur. Bunlar olmayanda və küçədən keçən gəlib deyəndə ki, bunu mən də edərəm, onda teatr məhv olur. Küçədən keçən gərək deyə bilməsin ki, bunu mən də bacararam. Bunun arxasında duran səbəblər var ki, onları demək mənlik deyil.

 

Demək istəmirsiniz...

 

- Bəli. Mən o şeyi deyirəm ki, onu edə bilirəm.

 

- Tamaşa başa çatandan sonra tamaşaçılarla qalıb söhbət edirsiniz, onların fikirlərini öyrənirsiniz...

 

- Bəli, yəqin ki, Azərbaycanda yeganə adam mənəm ki, tamaşadan sonra tamaşaçılarla qalıb söhbət edirəm. Bunu mən artıq beş ildir elan etmişəm. Düzdür, axır zamanlar bir az yoruluram, amma çalışıram bu ənənəni davam etdirim. Tamaşa bitən kimi deyirəm, hörmətli tamaşaçılar, o fikirləri ki çıxıb küçədə bir-birinizə deyəcəksiniz, onu burda elə bizim üzümüzə deyin. İstəyən tərifləyə də bilər, üzümüzə tüpürə də bilər. Hətta bəyənməyən gedib kassadan pulunu geri ala bilər, amma xahiş edirəm, əvvəl bunu sübut et, sonra bileti qaytar. İnternetdə yazılanlar mənim üçün çox maraqsızdır. Mən göz-gözə danışmağı sevirəm.

 

- Mədəniyyət və İncəsənət Universitetində pantomima aktyoru hazırlanmır. Bu sizə böyük problemlər yaradır?

 

- İyirmi ildir keçinirəm. Yəni bu böyük problem deyil. Sadəcə, bu gün teatrda aktyor və rejissor olmaq istəyən gənclər yox dərəcəsindədir. Səbəblərini özünüz araşdıra bilərsiniz.

 

- Birinci səbəbi maddi amildir...

 

- Bunu mən demədim.

 

- Kino yaradıcılığında hansı yenilik var?

 

- Kino yaradıcılığı mənim üçün hobbiyə çevrilib. Varsa, nə yaxşı, yoxdursa, yadıma düşmür. Bir film ssenarisi yazıb nazirliyə vermişəm, hələlik xəbər yoxdur. Uzun müddət keçib, yəqin ki, alınmır. Bəlkə heç alınmayacaq. İkinci ssenarini də yazmaq fikrim yoxdur. Akutavaqa Rünoskenin “Tala” əsərinin motivləri əsasında bir ssenari yazmışam, amma əsərdən yapon əhvalını çıxarmışam, olub bizimki.

 

- Filmi özünüz çəkmək istəyirsiniz?

 

- Yox! Çox yekəxanalıq etmək istəmirəm, amma deyəcəyəm: ssenari təsdiq olunarsa, rejissoru özüm imtahan edəcəyəm. Bu, onun rejissorluq qabiliyyətinin imtahanı deyil, sadəcə, məni duymalı və nə istədiyimi bilməlidir. Kino çəkə bilərəm, amma belə  niyyətim yoxdur. Yəni elə şeylər var ki, mən onları bilmirəm. Adam bunu boynuna almalıdır.

 

- Nəzərinizdə kim var?

 

- Bir nəfər var, amma özünə də demişəm ki, sənin ipinin üstünə odun yığmalı deyil (Gülür). Keyfiyyətsiz çəkilməkdənsə, çəkilməsə yaxşıdır. O ssenari arzu kimi qalsa, daha gözəldir.

 

- Son illərdə çəkilən filmlərdən, səhnəyə qoyulan tamaşalardan hansının adını çəkə bilərsiniz ki, ona ləzzətlə baxmısınız?

 

- Son illərdən baxdığım filmlərdən məni sevindirən Rövşən İsaxın “Aktrisa” filmidir.

 

- Bəs teatr tamaşalarından...

 

- ... (Uzun sükut).

 

- Aydındır...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR