Bakı, 14 may, AZƏRTAC
Rəsmi London Avropa İttifaqının (Aİ) mühacirlər və qaçqınlarla bağlı fəaliyyətinə müharibə elan edib. Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin başçısı Tereza Mey Aİ-yə qanunsuz yolla keçən hər kəsin İttifaq ərazisindən çıxarılmasında israrlı olduqlarını bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, nazirin sözlərinə görə, qaçqınlara sığınacaq verilməsi qeyri-qanuni mühacir axınının artmasına şərait yaradacaq.
Avropa İttifaqının planında isə qaçqınları Aİ-yə üzv dövlətlər arasında kvotalara uyğun olaraq yerləşdirilməsi yer alır. Bu kvotalar ölkələrin ümum daxili məhsulu və əhalinin sayına görə müəyyən olunacaq. Beləliklə də varlı ölkələr daha çox mühacir qəbul edəcək. Planda, həmçinin qaçqınları Afrikadan Avropa sahillərinə daşımaqla məşğul olan gəmilərin məhv edilməsi də nəzərdə tutulur.
Eyni zamanda, Brüssel Aralıq dənizində Avropaya üz tutan mühacirlərin xilas edilməsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulan büdcənin artırılmasını planlaşdırır.