Türkiyə-Rusiya yaxınlaşması Qarabağ üçün nə vəd edir? -

Son aylarda siyasətdə Türkiyə-Rusiya yaxınlaşması müşahidə edilir. Dağlıq Qarabağ münaqişəsində Rusiyanın həlledici rol oynadığını, Türkiyənin isə əsas müttəfiqimiz olduğunu nəzərə alarsaq, iki ölkə arasındakı yaxınlaşma münaqişənin həllinə yardım edə bilərmi?

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Saytımıza danışan tanınmış politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu hal yalnız Suriya məsələsinin həllindən sonra baş verə bilər:

“Aylar öncə də bildirmişdim ki, Suriya məsələsində formalaşan Türkiyə-Rusiya ittifaqı gələcəkdə Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynaya bilər. Düzdür, Türkiyə bu münaqişənin həllində fəal olmağa çalışır, hətta Ərdoğan bununla bağlı bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinlə danışıb. Düşünürəm ki, Suriya məsələsi həllə doğru yaxınlaşdıqca, gələcəkdə Astana prosesi və Türkiyə-Rusiya birgə Qarabağ münaqişəsinin həllində rol oynaya bilərlər. Düzdür Ermənistan Türkiyənin münaqişədə rol oynamasının əleyhinə çıxacaq. Amma, Ermənistan da Suriya kimi tamamən Rusiyadan asılıdır. Əgər Rusiya istəyini ortaya qoysa, o zaman Ermənistan Türkiyəyə qarşı çıxa bilməyəcək”.

Politoloq İlyas Hüseynov isə iki ölkə arasındakı münasibətlərin Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib:

“Təbi ki, Ərdoğan-Putin görüşü regionda olan bəzi məsələlərə aydınlıq gətirilməsi məqsədi daşıyırdı. Burada ilk növbədə Suriyada yaranmış vəziyyət, Türkiyə-Suriya sərhəddində gedən “Barış Pınarı” hərəkatı, Suriyada Bəşər Əsəd rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi. Türkiyə Azərbaycana dost, qardaş ölkədir və Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsində Azərbaycanın haqq səsinin tərəfdarıdır, bu müqanişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həll olunmasının tərəfdarıdır. Münaqişədə Rusiyanın rolu böyükdür və bu məsələdə sözü həlledicidir. Rusiya ATƏT Minsk qrupunun həmsədridir. Türkiyə təbi ki, bu münaqişənin Azərbaycanın xeyrinə həll olunması üçün müəyyən təşəbbüslər göstərir. Ərdoğan bu yaxınlarda Bakıda keçirilən toplantıda da bu məsələni dilə gətirdi və müxtəlif kürsülərdə də bunu səsləndirir. Azərbaycanın iştirak etmədiyi istənilən tədbirdə Ərdoğan bu münaqişənin dünyaya çatdırılmasına səy göstərir. Bizim üçün Rusiya-Türkiyə münasibətləri önəmlidir və Azərbaycan bu bağların daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Biz yaxın keçmişdə iki ölkə arasında olan münasibətlərin yaxşılaşdırılması üçün bəzi məqamlarda vasitəçilik və yardım da etmişik”.

Məsələ ilə bağlı fikirlərinizi bizimlə bölüşən politoloq Nəzakət Məmmədova iki ölkə arasındakı müttəfiqliyin Qarabağ münaqişəsinə sərf ediləcəyinin inandırıcı olmadığını deyib:

“Bildiyimiz kimi, Türkiyənin ABŞ, Avropa və digər ölkələrlə münasibətlərinin pisləşməsindən sonra o, vəziyyətdən çıxış yolu üçün Rusiya ilə müttəfiqdir. Qarabağa məsələsinə görə o, Rusiya ilə aralarında narazılıq yaranmasını istəməz və Türkiyə bu məsələdə Rusiya qarşısında israrlı deyil. Türkiyə Rusiya ilə milyardlıq layihələri Qarabağ məsələsinin həlli üçün yox, daha çox Qərbə qarşı öz suverenliyinə olan təhdidlərə qarşı birgə mübarizə apararaq üçün istifadə etmək fikrindədir. Bu, cənub sərhədlərində kürd dövlətinin, terror dəhlizinin yaradılmasının qarşısını almaq üçündür və Ərdoğan bu məsələdə ABŞ-ı güzəştlərə vadar etmək üçün milyonlarla dollar pul xərcləyərək, S-400 almaqla, digər birgə nüvə və enerji layihələri həyata keçirməklə Rusiya ilə ittifaq yaradıb və bunun Qarabağ üçün sərf ediləcəyi inandırıcı deyil.

Doğrudur, Ərdoğan daima beynəlxalq platformalarda Qarabağ məsələsinin ədalətli həllinə çağırışlar edir,Soçidə Putinlə görüşdə bu məsələni qaldırmışdı. Lakin Putinin bu məsələyə isti yanaşmadığını hiss etdirməsindən sonra xeyli geri çəkildi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR