Bakı, 18 may, AZƏRTAC
Bu ilin aprelində İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 800-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin əsasən 44 faizi istehlakçıların hüquqlarının müdafiəsi, 17 faizi nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər, 11 faizi sahibkarlığın inkişafı, 5 faizi güzəştli kreditlər barədə olub.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə indiyədək 35 minə yaxın müraciət daxil olub.
Stasionar və mobil telefonlardan Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq olar. 195-2 nömrəsi ilə danışıq, Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Telefon xidməti canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.