Peşə və kvalifikasiya standartının hazırlanması, qeydiyyatı və müddətinin uzadılması qaydaları təsdiqlənib

Peşə və kvalifikasiya standartının hazırlanması, qeydiyyatı və müddətinin uzadılması qaydaları təsdiqlənib
21:37 16 Dekabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarda qeyd olunub ki, bu Qaydalar peşə və kvalifikasiya standartının (bundan sonra – standart) hazırlanmasının, yenidən hazırlanmasının, təsdiq edilməsinin, qeydiyyatının aparılmasının və müddətinin uzadılmasının əsaslarını müəyyən edir.
Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
- bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası – iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi qrupdur;
- layihə qrupu – standartın layihəsinin hazırlanmasına cəlb olunan müvafiq sahə üzrə müəssisə, idarə və təşkilatların nümayəndələrindən, müstəqil mütəxəssislərdən ibarət işçi qrupdur;
- ekspert qrupu – standartın layihəsinin struktur və məzmununu yoxlamaq üçün müstəqil ekspertlərdən ibarət işçi qrupdur.
Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunları, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Standartın hazırlanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlaqələndirilir.
Qərara əsasən, standartın hazırlanmasının və ya yenidən hazırlanmasının maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci maddələrinə uyğun olaraq İşsizlikdən Sığorta Fondunun vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/pese-ve-kvalifikasiya-standartinin-hazirlanmasi-qeydiyyati-ve-muddet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR