Bakı, 20 may, Nihat Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri – TANAP gələcəkdə çox xatırlanacaq layihədir. Türkiyə bu layihədə əlverişli coğrafi mövqeyinin üstünlüklərindən istifadə edir. TANAP həm bölgə üçün, həm də enerji resursları ilə əlaqədar çox əhəmiyyətli layihədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “TRT Haber” telekanalına müsahibəsində məlumat verib. Nazir deyib ki, biz bir çox layihəyə açıq olduğumuzu bildirdik və ilk öncə öz daxili tələbatımızı ödəmək niyyətindəyik. Türkiyə TANAP layihəsi ilə Xəzər bölgəsinin təbii qaz ehtiyatlarının əhəmiyyətli bir hissəsi olacaq. TANAP həmçinin, beynəlxalq əlaqələrə də təsir edən layihədir.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.