Stilist Anar: "Elza ilə Maral Tahirqızını 180 dərəcə dəyişdim" - MÜSAHİBƏ

Stilist Anar: "Elza ilə Maral Tahirqızını 180 dərəcə dəyişdim" - MÜSAHİBƏ
12:04 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Telli Borçalı, Roza və Məleykənin zövqü yoxdur"

İllər keçir, zövqlər dəyişir, yeni-yeni stillər meydana gəlir. “Dəyişək, inkişaf edək” prinsipindən geri qalmaq istəməyən şou əhli isə tez-tez stilistlərə müraciət edir. “Öz zövqümlə geyinirəm, stilistə də ehtiyacım yoxdur” deyənlərə də rast gəlmək olar. Amma...

Amma bununla belə stilistsiz nə müğənni, nə şou - biznes? Lent.az-ın qonağı stilist Anar Ağakişiyevdir. Azərbaycanda bir çox tanınmış simalarının və bir çox dünya ulduzlarının imiclərinə əl gəzdirən stilist, görək şou-biznes əhlinin imicindən razıdırmı?

 

 

- 2014-cü il geridə qaldı. Geridə qalan ildə şou-biznesdə kimlər geyimlərinə görə kimlər zövqlü, kimlər zövqsüz idi?

 

- (Bir az düşünür) Bilirsiniz, zövqlülərin siyahısı hər zaman olduğu kimi dəyişmir. Zövqlü, elə zövqlü olaraq da qalır. Zövqsüzlər isə çoxdur.  

 

 

- Bəlkə həmin zövqsüzlərin adını çəkəsən?

 

- İnanırsınız, bəzilərinin adlarını bilirəm, çoxunun yox. Məsələn, Telli Borçalı zövqsüzüdür. Amma onun imicini dəyişəcəm. Telekanalların birindən təklif gəldi ki, onun stilini yeniləyim. Mən zövqlülər, zövqsüzlər statusu verən adam deyiləm. Sadəcə, gördüyümü, bildiyimi deyirəm. Məsələn, zövqsüzlər sırasında öz dostumun, müğənni Roza Zərgərlinin də adını çəkə bilərəm. Bu xanım da son zamanlar zövqsüz geyinir. Axırıncı dəfə onu “Maşın realiti şou”da bəzəmişdim. İndiki imici bərbaddır. İndi zövqsüzlərin başında gedənlərdən biri də Rozadır. Bir neçə gün öncə aparıcılıq etdiyi verilişdə bir paltar geyinmişdi, üstündən də kürk. Heç bəyənmədim. O nə kürk idi?

 

 

- Elə bir halla rastlaşmısan ki,  “zövqsüzdür” demisiniz, həmin adamlar da sizə zəng edib?

 

- Hə, o qədər olub. Amma Telli xanım zəng vurmayıb.

 

- Kimlər zəng edib?

 

- Niyə də yox? Adlarını çəkə bilərəm. Bir dəfə olub. Amma necə deyirəm, elə də qeyd edin. Verilişdə idim, sual verdilər, mən də cavab verdim. Daha sonra müğənni Xatirə İslam mənə zəng vurdu, söylədi ki,  nə ixtiyarla mənim admı çəkmisən. Mən də dedim ki, verilişə baxın, daha sonra məni yığın. Mən “zövqsüzsən”, deməmişəm. Xatirəyə kimsə çatdırmışdı ki, mən ona “zövqsüz” demişəm. Bu problem bir dəfə də Məleykə Əsədova ilə də olub. Təxminən 2 il öncə. Telekanalların birində söyləmişdim ki, Məleykə xanımın makiyajı “abartılmış” dərəcədədir. Məleykə xanımın günahı deyil. Teatr aktrisasıdır, əli teatr makiyajı etməyə alışıb. Ola bilsin ki, zamanı yoxdur ki, makiyajını yeniləsin. Bu fikrimi indi də söyləyə bilərəm. Heç kimdən qorxacağım, asılacağım yoxdur.  Azad bir ölkədə yaşayırıq. Mən təhqir etmirəm ki, nədənsə qorxam. Onun barəsində fikir söylədikdən sonra Məleykə xanım və onun dostu tərəfindən mənə zənglər gəldi. Düzdü, hədə-qorxu gəlmədilər. Amma tanımadığım bir şəxs zəng etdi və dedi ki, mən Məleykə xanımın dostuyam, elədi-belədir, siz niyə onun adını çəkmisiniz? Mən də cavab olaraq dedim ki, “döyməmişəm, söyməmişəm, nə var onu da demişəm.

Onu da deyim ki, mən heç zaman qalmaqalla gündəmdə olmamışam. Heç ona ehtiyacım da olmayıb. Allah mənə gözəl sənət nəsib edib. Gündəmə gəlmək üçün “İnstagram” səhifəmdə lüt, ya da paltarla elə bir şəkil paylaşaram ki, izləyicilərimin sayı 100 mini keçər. Bu addımla gündəmi zəbt edə bilərəm. Amma bu mənlik deyil. Daim öz işimlə gündəmdəyəm. Sabah, biri gün Azərbaycanda olimpiada keçiriləcək. Küçədə zərli, qaşlı ayaqqabılarla gəzməmək üçün, tənqidi fikirləri deyirəm. Amma bəziləri elə bilir ki, mən gündəmə gəlmək üçün nəsə deyirəm. Amma bilsinlər ki, mən işlərimlə hər zaman gündəmdəyəm.

 

- Azərbaycanda həmkarlarınız çoxdur...

 

- (Sözümü yarımçıq kəsir) Bilirsiniz, hər yerindən duran, özünə “stilistəm” deyir. Adicə “İnstagram”a girib, stilist yazıram, milyarddan çox stilist adı gəlir. İndi kişi saç ustası da adını stilist qoyur. Hər adam stilist ola bilməz. Məsələn, bir neçə ay öncə bir xanımı fotosessiya üçün bəzəmişdim, həmin fotonu da “İnstagram”dakı səhifəmdə paylaşmışdım. Sonra Nigar İbrahimovanın yanında işləyən makiyaj edən qız həmin obrazı bütün detallarını, hətta şəkilin  altından qeyd etdiyim sözlərə qədər məndən bəhrələndi. Amma boynuna almadı ki, bunu məndən oğurlayıb. Söylədilər ki, bunu Ərəbistandan götürmüşük. Yaxşı, oradan götürmüşdülərsə, niyə bu  məndən öncə bəzəmirdilər?

 

- Olubmu ki, hansısa bir sənətçi əlində bir şəkil, gəlir ki, məni bu fotodakı insana bənzət?

 

- Hə, o qədər olub.

 

- Bəs həmin sənətçinin istədiyi imic ona yaraşmazsa, nə edirsiz?

 

- Həmin insana ilk öncə söyləyirəm ki, bax, belə daha gözəl ola bilər. Yəni fikrindən yayındırmağa çalışıram. Amma israr edərsə, istədiyi stildə də bəzəyirəm.

 

- Sənətçinin istədiyi kimi onu bəzəməyiniz sizin imicinizə təsir etmir?

 

- Yox, artıq 15 ildir ki, bu işlə məşğulam. İşimi o qədər təsdiqləmişəm ki, indi o sözləri barəmdə deyə bilməzlər.

 

 

- Müğənnilər arasında olduğu kimi stilistlər arasında da “Nömrə-1”  davası var?

 

- Hə. Mən bu cür həmkarlarımı anlaya bilmirəm. Özlərinə “Nömrə-1” stilist deyənlər çoxdur. Adama deyərlər ki, bu statusu sizə bu adı kim verib axı? Çox istəyərdim ki, stilistlərlə bağlı veriliş açılsın. Orada mən münsif olum. O zaman kimin, kim olduğunu orada göstərim.

 

 

- Belə bir veriliş açmaq istəyiniz olubmu?

 

- Bəli, olub. Çox istəyərdim ki, belə bir verilişdə aparıcılıq edim. Baxmayaraq ki, buna vaxtım azdır, amma bir çoxlarını dəb biliyini maarifləndirmək üçün bu addımı atardım. Müəyyən bir prodakşn bir verilişi açsa, mənə təklif etsə, apararam. Mən də həmin prodakşna yardım edib, həmin verilişə sponsorlar yönəldərdim.

 

 

- Bəzi sənətçilərə baxdığınız zaman deyirsinizmi ki, “bu sənətçinin imicini dəyişmək lazımdır”.

 

- Bəli, olub. O qədər olub ki... Məsələn müğənni Şəbnəm Tapdığa baxanda onun imicini dəyişmək barədə düşünürəm. Onu çox dəyişərəm. Məsələn, Maral Tahirqızını da 180 dərəcədə dəyişmişəm. Hər zaman deyirdim ki, Nazpəri xanım Dostəliyevanın imicini dəyişmək lazımdır. Hətta bir dəfə dəyişdim, gözəl də alındı. Bu yaxınlarda da aparıcı Nanə Ağamalıyevanı tamamilə başqa bir obrazda bəzədim, fərqli göründü. Sonuncu dəfə bir neçə gün öncə Elza Seyidcahanla bir verilişdə idim. Elza oradan çıxandan sonra söylədi ki, “mən Rozanın verilişinə gedirəm, köməyin lazımdı”. Mən də onu bir neçə saatın içində 180 dərəcə dəyişdim.

 

 

- Şou-biznesdə olan bəylər necə geyinir?

 

- Hamısı yaxşı geyinir.

 

- Bəs hansı bəy sənətçinin obrazını dəyişmək istəyərdiniz?

 

- Bir balaca Ayaz Qasımovun obrazını dəyişmək olar. Bu yaxınlarda onu gördüm, bir az arıqlasa, onda maraqlı tərz yaratmaq olar.

 

 

- Sizə zəng edib, “mənim zövqümü təriflə” deyən sənətçi olubmu?

 

- (Bir az düşünür) Hə. Açıq danışmağı sevən insanam. Əməkdar artist Elza Seyidcahan bir dəfə mənə demişdi ki, “Anar, məni təriflə”, “Tərifləyərsən ha”. Mən bu sözləri zarafat kimi qəbul etdim. Düşündüm ki, mənlə zarafat edir. Elza xanım mənim yaxın dostumdur. Əslində, bu gün çox gözəl əhval-ruhiyyədəyəm. Bütün hər şeyi açıb danışdım. (Gülür) Amma bütün bunları kimsə deməlidir. Hər şeyi gizlətsək, iradları söyləməsək, irəliləyiş olmayacaq.

 

 

- Siz də bu sənəti kimdənsə öyrənib, bu yerə gəlib çıxmısınız. Hər zaman bəzi həmkarlarınıza irad tutdunuz ki, qeyri-peşəkardırlar. Bəlkə onlara dərs keçəsiniz?

 

- Yox, dərs keçmək fikrim yoxdur. Azərbaycanda məndən sonra bu sahəyə gələnlərin əksəriyyəti oğrudur. Dediyim bu sözlər məndən öncə bu sahəyə gələnlər, Ruxa, Zahid, Fuada və bir çoxlarına aid deyil. Telekanalda titr yazan, indi stilist olub. Məsələn, stilist Elnur Həsənov dostumdur, canımdır, amma oğrudur. Mənim işlərimə baxırlar, öyrənirlər, amma boyunlarına almırlar. İndi əksəriyyəti mənim işlərimdən bəhrələnir. Nə zaman boyunlarına alarlar, o zaman hamısını bir zala yığıb, onlara dərs keçərəm. Həmin həmkarlarıma peşəmin elə xırdalıqlarını açaram ki, yatıb, yuxularında da bilə bilməzlər ki, belə bir nüans var. Məsələn həmkarım Elnurla “Eurovision” müsabiqəsində bir yerdə çalışırdıq, ona nəsə göstərdim, dedi ki, “Hə, mən bunu bilirdim”. Mən də belə olanda əsəbiləşirəm. Axı bilirdin, niyə etmirdin? Həmkarlarımdan Nigar İbrahimova, Ruxa və bir neçəsi var ki, onlarla dostluq edirəm. Qalanları ilə münasibətim yoxdur. İndi məndən sonra min nəfər Anar çıxıb ortaya. Hamısı da adını qoyub Anar. Bəlkə də araşdırsan, sənədində Anar adı yoxdur. Bilinmir ki, rəsmi sənətdə adları nə gedir.

 

- Stilistlər arasında da qalmaqal çoxdur?

 

- Bax, açığını deyim, mən hamısı ilə küsülüyəm. Heç biri ilə danışmıram, danışmaqda fikrim yoxdur. Məndən bəhrələndiklərini boyunlarına alarlar, barışaram.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR