Niyə hamı deputat olmaq istəyir, ölkəmizdə kreslo sevdası niyə güclüdür? -

Parlament seçkiləri göstərdi ki, cəmiyyətdə hər sahədə çalışan insanların deputat olma istəyi var – həkimin də, jurnalistin də, müğənninin də. Hətta heç bir siyasi fəaliyyəti və siyasi biliyi olmayanlar da namizədlik irəli sürdülər. Niyə insanlar öz peşələrində uğur qazanmaq əvəzinə, vəzifədə olmağa can atırlar?

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Saytımıza danışan psixoloq Aytən Ələkbərova bildirdi ki, vəzifəyə marağın yaranmasında valideynlərin də rolu olur:

“Hal-hazırda insanlar işlədikləri peşələri mənimsəməkdən çox kresloya maraq göstərirlər. Kresloya maraq isə ondan irəli gəlir ki, onlar öz işlərində savadsız olurlar. Bəzi uğur qazanmış, vəzifəli insanlar var ki, onlarla söhbət edəndə görürük ki, qalib onlar deyil, onların ətrafındakı komandadır. Onlar savadlı, intellektual insanları komandalarına yığaraq özləri sadəcə müdir adı daşıyırlar və ancaq komanda işləyir. Bu cür insanlar kreslo itirməkdən qorxurlar, çünki komanda olmasa, onlar təkbaşına heç nə bacarmırlar. Bu birinci tip insan idi: onların savadı yoxdur, lakin idarəetməni bacarırlar.

İkinci tip insanlar isə artıq özü öz uğurunu əldə etmiş insanlardır. Orta məktəb dövründə ictimai fəal olan, tələbəlik dövründə tələbə cəmiyyətlərində öz sözünü demiş insanlar.

Vəzifəyə marağın olması kiçik yalardan valideynlərin fikirləri nəticəsində də formalaşır. Valideynlər deyir qızım həkim olacaq, müəllimə olacaq, yaxud oğlum polis olacaq, prokuror olacaq. Beləliklə uşağın artıq şüur altında bu fikirlər yaranır və bu fikirlərin yaranması gələcəkdə kreslo hərisliyinə gətirib çıxarır. Və onlar kreslonu itirərkən düşünür ki, artıq mən cəmiyyətdə sözümü deyə bilməyəcəyəm, artıq kimsə məni saymayacaq. El arasında da belə deyirik: "Çətini o kreslodan düşənə qədərdir, o kreslodan düşdükdən sonra kimdir onu sayan?". Bunlar psixoloji olaraq vəzifəlilərə o qədər mənfi təsir göstərir ki, hətta bəziləri düşünür ki, kreslonu itirməkdənsə ölsəm yaxşıdır”.

Psixoloq Gülnar Orucova isə, insanların vəzifəyə keçmək istəyinin arxasında şöhrətpərəstliyin və varlanmaq istəyinin dayandığını bildirdi:

“Hər bir insan öz sahəsində sözünü demək, tanınmış olmaq istəyir. Öz sahəsində digərlərindən fərqlənmək, seçilmək istəyir, uğur qazanmaq istəyir. Ancaq bəzən insanlar elə yerlərə gəlib çatırlar, elə vəzifələrə yüksəlirlər ki, sonra o kreslodan əl çəkə bilmirlər. Bir yerə qədər əziyyət çəkir gəlirlər, həmin vəzifənin həzzini yaşayırlar, amma çıxmaq istəmirlər.

Qaldıki, məsələnin ikinci tərəfinə, bəli, müəllim müəllimliyini etməlidir, həkim həkimliyini, müğənni də müğənniliyini. Ancaq bir müğənninin deputat seçilməsi digər müğənnilərdə də buna maraq yaradır, düşünürlər o oldusa, mən niyə olmayım?

Burda mənəm-mənəmlik var, şöhrətpərəstlik var, insanların nəyin naminə olursa olsun məşhurlaşmaq istəyi var. Bizim cəmiyyət vəzifədə olan insana daha çox hörmət edir, vəzifədə olanı daha üstün, daha ağıllı bilir. Ona görə də insanlar vəzifəyə can atırlar. Bəzən vəzifəsindən sui-istifadə edənlər də olur, hansı ki, onlar sırf varlanmaq məqsədi ilə vəzifəyə gəlirlər. Dövlətin hər hansı bir işinə yararlı olmaq üçün, cəmiyyətə yararlı olmaq üçün yox, sırf öz maddi durumlarını yaxşılaşdırmaq üçün vəzifəyə gəlmək istəyirlər.

Elə müğənnilər var ki, heç ali məktəb oxumayıblar, dil bilmirlər, amma deputat olmaq istəyirlər”.

Məsələ ilə bağlı danışan jurnalist, sosioloq Lalə Mehralı isə bunun cəmiyyətdə vəzifəli insanlara yanaşmadan irəli gəldiyini qeyd etdi:

“Bu milli düşüncədən irəli gəlir. Məsələn, tutaq ki 2 həkim gəlir, biri siravi həkimdir, digəri baş həkim. Siz kənardan müşahidə etsəz başa düşəcəksiz ki, niyə hər hər kəs vəzifəyə can atır. Çünki ətrafdakılar baş həkimi daha yüksəkdə görəcəklər. Hətta siravi həkim baş həkimdən daha savadlı, daha bacarıqlı, ölkəsinə daha çox xeyir verən olsa belə. Yəni, vəzifəyə meyllilik cəmiyyətin vəzifəli insanlara baxışından irəli gəlir. İnsanlar düşünür ki, vəzifə sahibi olum və ətrafımdakıların rəğbətini qazanım. Məclislərdə biz bu halların şahidi oluruq.

Çox unikal ölkəyik, bizdə yaşlılar vəzifəyə daha çox meyllidilər. Xarici ölkələrdə insanların təqaüd yaşı çatanda sakitcə təqaüdünü alıb, sakit həyatını yaşamağa üstünlük verir. Qaçhaqaçdan uzaq olmağa çalışır təbii olaraq. Amma bizə baxaq, hər il minlərlə gənc kadr unuversitetləri bitirir. Bəziləri tamamilə ayrı sahədə işləmək məcburiyyərində qalır, bəzisi xaricə yollanır. Çünki ölkədə yaşlı insanlar onların qarşısını kəsir. Bizim parlamentdə 125 mandat var. Bunların hamısı yaşlılar tərəfindən zəbt olunsa, gənclər hansı mandata namizədlik irəli sürəcək?

Məsələ burasındadır ki, cəmiyyət olaraq hamımız gənclərin bacarıqsız olduğunu düşünürük. Hamımız danışırıq ki, yaşlılar vəzifədədir, belədir, elədir. Amma seçim qatşısında qalanda da yaşlılarl seçirik. Əvvəlcə bu düşüncədən qurtulmaq lazımdır.

Psixoloq İlahə Dəmirbəy isə bildirdi ki, insan əzəldən diqtə etməyə, digərlərini idarə etməyə meylli olub və əksər insanlar vəzifəyə digərlərindən üstün olmaq üçün can atırlar:

"Ümumiyyətlə, idarəetmə istəyi, daha üstün mövqedə olma istəyi, diqtə etmə istəyi deyə bilmərik ki son dövrlərdə yaranıb. İnsan yaranan gündən əzilən insanlar, natamam insanlar, tam formalaşmamış insanlar daim diqtə edən tərəf olmağa çalışıblar.

Düşünürlər ki, hər hansı mövqe sahibi olsalar daha çox üstünlüyə sahib olacaqlar, daha yaxşı yaşaya biləcəjlər, daha gözəl şəraitdə yaşaya biləcəklər. Məsələn, insan hansısa durumda əzilirsə, sözü keçmirsə, baxır özündən vəzifəli birinə, düşünür ki, bu məndən savadsızdır, amma sözü keçir, diqtə edə bilir. Ona görə o insan da o cür arzulara düşür. Bu cür fikirlər insanları sağlam rəqabətə yox, asan yolla pul qazanma, diqtə etmə, mövqe və ad-san qazanma arzusuna meylləndirir.

İnsanların vəzifələrindən qopa bilməməsinin səbəbi budur ki, bir insan əgər rahatlığa alışıbsa, insanları əzməyə, diqtə etməyə alışıbsa, bu ona xoş gəlir və təbii ki, bundan uzaqlaşmaq istəmir. Çünki tutduğu vəzifəyə insanları idarə edə biləcək, vəsaitini artıra biləcək şey kimi baxır, nəinki bir dövlət qulluqçusu, nəinki yararlı bir məmur, nəinki insanlara kömək edə biləcək biri kimi."

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR