Koronavirusda son durum: İtaliyadan bütün Avropaya yayılır, Cənubi Amerikada ilk dəfə aşkarlandı

"Covid-19" adlandırılan yeni növ koronavirusu günbəgün yayılmaqda davam edir.

Metbuat.az bildirir ki, son məlumatlara görə Çində virusdan ölənlərin sayı 2715 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 78 mini keçib. Bunlardan 65 mini virusun yarandığı Hubey vilayətində qeydə alınıb. Cənubi Koreyada virus 1000-dən çox insanda aşkar edilib, 10 nəfər isə virus nəticəsində həyatını itirib. Çindən sonra ən çox yoluxma halının qeydə alındığı ölkə də məhz Cənubi Koreyadır.

İtaliyadan bütün Avropaya yayılır

Koronavirusun Avropada ən çox yayıldığı ölkə olan İtaliyada 300-dən çox yoluxma halı qeydə alınıb, 11 nəfər isə virus səbəbindən ölüb. Lakin İtaliya ilə həmsərhəd olan ölkələr hələki sərhədləri bağlamayıblar. Birgə görüş keçirən Fransa, Almaniya, İtaliya Səhiyyə nazirləri ilə Avropa Komissiyasi nümayəndələri sərhədlərin açıq qalacağını açıqlayıblar. İtaliya Səhiyyə naziri Roberto Speranza virusun sərhəd tanımadığını deyib. Almaniya Səhiyyə naziri Cens Spahn isə qonşu ölkədəki vəziyyəti çox ciddiyə aldıqlarını qeyd edib.

İngiltərədə tətillərini İtaliyada keçirib qayıdan məktəblilər evlərinə göndərilib. İngiltərə Səhiyyə naziri Matt Hankok İtaliyadan uçuşları durdurma planlarının olmadığını bildirib:

"İtaliyaya baxın, Çindən bütün uçuşları durdurdular, amma indi Avropada virusdan ən çox təsirlənən ölkə yenə də İtaliyadır".

İtaliya Çindən sonra virusun ən çox yayıldığı 3 ölkədən biri oldu. İranda 100-ə yaxın insanda virus qeydə alınıb, amma bu rəqəmin daha yüksək olduğu təxmin edilir. Virusun İran Səhiyyə nazirinin müavininə yoluxmuş olması da ölkədəki vəziyyətin kritik olduğunu göstərir.

Avropada karonavirusa yoluxanların olduğu ölkələrin sayı günü gündən artıq. Bu yoluxmaların birbaşa İtaliyadakı virusla bağlı olduğu görülür. Avstriya, Xorvatiya və İsveçrə ölkələrində qeydə alınan yoluxmaların İtaliyaya səyahət edən xəstələrdən qaynaqlandığını açıqlayıb.

Fransada dünən 2 yeni yoluxma halı qeydə alınıb. Onlardan biri fevralın 7-də Fransaya gələn çinli qadındır. O, hazırda Parisdə xəstəxanada saxlanılır. Digər xəstə isə İtaliyadan qayıdan fransızdır.

Həmçinin İspaniyada da virusa yoluxanların sayı artıb. Dünən Tenerifedə 5 yoluxma halı aşkar edilib. Onların İtaliyadan qayıtdıqları bildirilib. Virusun ilk dəfə aşkar edildiyi ölkələrdən biri də Rumiya oldu. 3 həftə öncə İtaliyada olan bir nəfərdə dünən virus aşkarlanıb və xəstəxanaya yerləşdirilib.

Virus yeni bir qitəyə sıçradı

Koronavirus testinin pozitiv çıxdığı ilk Latın Amerika ölkəsi Braziliya oldu. Virusa yoluxan braziliyalının İtaliyadan gəldiyi bildirilib. Qısa müddət öncə İtaliyadan qayıdan 61 yaşlı kişi San-Pauloda yenidən testdən keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR