Moldova ombudsmanı ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edib

Moldova ombudsmanı ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edib
15:08 17 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Moldova ombudsmanı Aureliya Qriqoriu "Facebook" sosial şəbəkəsindəki səhifəsində ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında məqaləyə istinadən fikirlərini bölüşüb.

Trend-in məlumatına görə, məqalədə deyilir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub.

Materialda qeyd olunur ki, çoxsaylı faktlar əsir və girovlara müxtəlif dəhşətli işgəncələrin verildiyini göstərir - onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.

Məqalədə ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara və digər millətlərin nümayəndələrinə münasibətdə törətdikləri vəhşiliklərdən konkret faktlar gətirilir.

Materialda deyilir: "Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni "həkimlər" tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkim" Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur".

Məqalədə qeyd olunur: "Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra, həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur. Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus rubluna ailəsinə satmışlar”.

Məqalədə erməni nəzarətçilərin Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verməsindən, mismar kəlbətini ilə onun 16 dişini çıxarmasından bəhs edilir.

Materialda deyilir ki, Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.

Məqalədə qeyd olunur: "Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülərək Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər".

Materialda bəhs olunur ki, Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir.

Qeyd edilir ki, 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat edib. Erməni hərbçilər Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışdılar.

Məqalədə ermənilərin əsir götürdükləri azərbaycanlı hərbi əsirlərin işgəncələrə məruz qaldıqlarından danışılır: “Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cisimlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılıblar. Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilib”.

Materialda deyilir ki, yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülüb, damarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona əzab verilib, üstünə təlim keçmiş it buraxılıb. Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış xaçla damğalanıb.

Məqalədə bildirilir ki, vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınıb. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə sulfat turşusu tökmüşlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2354374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR