Bakı, 22 may, AZƏRTAC
ABŞ alimləri Yerdən 12,5 milyard işıq ili qədər uzaqda yerləşən Kainatın ən parlaq qalaktikasını aşkar ediblər. NASA mütəxəssisləri qalaktikanın günəşdən 300 trilyon dəfə parlaq işıq saçdığını hesablayıblar.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, alimlər qalaktikanı WISE infraqırmızı kosmik teleskopunun 2010-cu ildə göndərdiyi məlumatların tədqiqi zamanı kəşf ediblər. Aparat yalnız infraqırmızı diapazonda görünən daha 20-yə qədər çox parlaq qalaktikanı aşkara çıxarıb. Onlar kosmik obyektlərin yeni sinfinə daxil olunub.
Mütəxəssislərin fikrincə, qalaktikaların həddən artıq parlaqlığı onlarda super-massiv qara dəliklərin olması ilə bağlıdır. Qara dəliklər özlərinə milyonlarla dərəcə qızan, yüksək enerji, həmçinin görünən ultrabənövşəyi və rentgen şüaları saçan, eyni zamanda ətrafında disk əmələ gətirən qaz və bərk maddələr cəlb edir. Onu əhatə edən toz buludları işığın keçməsinə maneə olsa da, özləri qızaraq infraqırmızı şüa saçır. Məhz buna görə, həmçinin məsafəsinin uzaqlığı səbəbindən bu qalaktika əvvəllər müşahidə olunmayıb və yalnız xüsusi teleskopun köməyi ilə kəşf edilib.
İki dəfə bütün göy qübbəsinin şəklini çəkən WISE teleskopu fəzaya 2009-cu ildə buraxılıb və Yerə kosmik obyektlərin 2,7 milyon təsvirini göndərib.