Nurlan Novruzov: "Otağın pəncərəsindən qaçırdım”

Nurlan Novruzov: "Otağın pəncərəsindən qaçırdım”
17:52 17 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Gencaile.az saytının “11 sual” rubrikasının budəfəki qonağı ölkə çempionatının hazırki bombardiri, “Bakı”nın hücumçusu Nurlan Novruzov olub. Fanat.az müsahibəni təqdim edir.


- Futbolçu olmağa qərar verəndə ailəniz seçiminizi necə qarşılamışdı?

- Açığı valideynlərim futbolçu olmağımı istəmirdilər. Atam məni həkim kimi görmək istəyirdi.


- Dediniz ki, valideynləriniz futbolçu olmağınızı istəmirdi. Onların məsləhətini dinləməməyiniz sonradan münasibətlərinizdə problem yaratmadı ki?

- Əvvəllər belə problemlərim çox olurdu. Hətta özümü dərs oxuyurmuş kimi göstərərək otağımın pəncərəsindən qaçdığım günlər də az olmayıb. Düzdü, sonradan valideynlərim tərəfindən cəzalandırılırdım, amma futbola həvəsim o qədər çox idi ki, bu cəzalar da mənim futboldan imtina etməyimə səbəb olmadı. Əksinə, bu idman növünə olan marağımı görən valideynlərim məni dəstəkləməyə başladılar.


- Ailə qurarkən necə, ailənizin məsləhəti, yoxsa öz fikiriniz əsas olacaq?

- Düzü, hələ ki, ailə qurmaq haqqında düşünmürəm. İndi mənim üçün əsas olan uğurlu karyera qurmaqdı. Bu hədəfimə çatdıqdan sonra evlənmək barədə fikirləşəcəm.


- Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardı?

- Məncə, müsbət tərəfi erkən ata olmaqdı. Mənfi yönü isə futbolçunun bütün diqqətinin futbolda olmamasıdı. Ailə qurandan sonra istər-istəməz problemlər yaranır ki, bu da futbolçunun istənilən səviyyədə çıxış etməsinə problem yaradır.


- Sevgi sizdən nə qədər uzaqdı?

- Sevgi məndən çox uzaqdı. Hələ ki, o hissi yaşamamışam. Yuxarıda da dediyim kimi, indi bu haqda düşünmürəm də.


- Maraqlıdı, futbolçu olmasanız, hansı peşəni seçərdiniz?

- Səmimi deyim ki, futbola olan həvəsim üzündən başqa heç nəyə vaxt ayırmırdım. Bu səbəbdən futbolçu olmasam, yəqin ki, fəhlə olardım. Amma çox şükür ki, sevdiyim işlə məşğulam.


- Futbol elə bir peşədi ki, əksər hallarda evdən kənarda olmalı olursunuz. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirsiniz?

- Bəli, futbolçu adətən evdən kənarda olur, amma bu mənimçün ciddi problem yaratmır. Heç valideynlərim üçün də böyük çətinlik olduğunu deyə bilmərəm. Qardaşım və bacımın uşaqları valideynlərimin başını elə qatır ki, onlar hərdən Nurlan adlı övladlarının olduğunu unudurlar.


- Ailədə daha çox kiminlə məsləhətləşirsiniz?

- Atamla daha çox məsləhətləşirəm, çünki biz onunla dost kimiyik. Hər hansı bir problem olanda səmimi söhbətlə yoluna qoyuruq.


- Əlinizə imkan düşsə, həyatınızda nəyi dəyişmək istərdiniz?

- Ətrafımda olan saxta insanları özümdən uzaqlaşdırmaq istərdim.


- Futbolçulardan kimlərlə dostluq münasibətləriniz var?

- Əslində, dostluq etdiyim həmkarım çoxdu, ancaq vaxtımı daha çox Namiq Ələsgərov, Rəhman Hacıyev, Şəhriyar Əliyev və Elşad Manafovla birgə keçirirəm.


- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

- Belə hadisələrdən biri “Sumqayıt”da çıxış edəndə başıma gəlmişdi. Həmin komandanın heyətində “Neftçi”yə qarşı keçirdiyimiz oyunda rəqib qapısına yol tapdığım epizodda yaşananları hələ də unuda bilmirəm. Həmin qoldan sonra komanda yoldaşlarım mənə dedi ki, o topu qapıdan əlinlə necə keçirdin ki, hakim görmədi deyəndə israrla başla vurduğumu deyirdim. Matçdan sonra qarşılaşmanın epizodlarını izləyəndə gördüm ki, top həqiqətən əlimə toxunub, amma hələ də deyirəm ki, axı mən topu başımla qapıdan keçirmişdim. Həmin anda topun əlimə toxunmasına inana bilmirəm.


Buna bənzər maraqlı bir hadisə də “Bakı”da oynayanda yaşanmışdı. “İnter”lə qarşılaşmanın gedişində “Bakı”nın üzvü Şəhriyar Əliyev havada olan topa zərbə endirmək istəsə də, onun zərbəsi alınmadı, amma top onun digər ayağının topuğuna dəyərək qapıya daxil oldu. Çox gözəl qol alınmışdı, ancaq topun tora daxil olduğundan xəbərsiz olan Əliyev öz oxu ətrafında topu axtarırdı. Bütün komandanı isə gülmək tutmuşdu. Hətta rəqib komandanın baş məşqçisi Kaxaber Tsxadadze də üzündəki təbəssümü gizlədə bilmirdi.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR