Bütün dünya işğalçı Ermənistana qarşı: İrəvanın “seçki” şousu fiaskoya uğradı

Bütün dünya işğalçı Ermənistana qarşı: İrəvanın “seçki” şousu fiaskoya uğradı
15:33 8 Aprel 2020
201 Digər
Ölkə mətbuatı
A- A+

Dünya koronavirus epidemiyası ilə mübarizə apardığı vaxtda Ermənistanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirdiyi qondarma “prezident və parlament seçkiləri”ndə ilk iki məqam diqqətdən yayınmadı: “seçki”nin martın 31-də - Azərbaycanlıların Soyqırımı Günündə keçirilməsi; koronavirus təhlükəsinə rəğmən “seçki”nin təxirə salınmaması;

Birinci məqamda Ermənistan Azərbaycana mesaj vermək istəyir, hərçənd, bu, işğalı və soyqırımı dəstəkləyən dövlət olduğunun göstəricisidir.

İkinci məqamda Ermənistanın hazırki rəhbərliyi siyasi mübarizədə qələbə qazanmağı insan faktorundan daha üstün tutduğunu növbəti dəfə nümayiş etdirdi. Cənubi Qafqazda koronavirusun ən çox yayıldığı ölkə Ermənistandır: 853 nəfər. Lakin yerli media real rəqəmlərin və ölüm faktlarının gizlədildiyini yazır.

Nikol Paşinyan koronavirus təhlükəsinə rəğmən, keçmiş hakimiyyət üzərində qələbəni tam əldə etmək üçün işğal altındakı ərazilərdə “seçki”ni keçirdi. Yeri gəlmişkən, aprelin 7-də Qarabağda iki nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb. Ermənistan mediası bu yoluxma ilə martın 31-də keçirilən “seçkiləri” əlaqələndirir. Qeyd olunur ki, “seçki” günü Paşinyanın dəstəklədiyi namizədə səs vermələri üçün Ermənistanın müxtəlif yerlərindən Qarabağa əlavə “seçici”lər gətirilib. Virusun işğal altındakı bölgəyə keçidi də məhz belə baş verib. Lakin Qarabağda virusa yoluxma faktlarının əvvəldən mövcud olduğu, rəqəmlərin gizlədildiyi versiyaları da irəli sürülür.

Hərçənd, bu “seçkilər” işğalçı Ermənistan üçün daxili və xarici siyasətdə fiasko ilə nəticələndi.

“Seçki”nin ikinci turda (aprelin 14-də) keçiriləcəyi gözlənilir. Növbəti turda birinci turun ən çox “səs” toplayanları iştirak edəcək: separatçı rejimin “baş naziri” Araik Artünyan və “xarici işlər naziri” Masis Mailyan. Hər ikisi Nikol Paşinyana yaxın şəxsdir və sonda Ermənistanın yeni hakimiyyəti işğal altındakı Qarabağ bölgəsini keçmiş hakimiyyətdən alacağı ehtimalı böyükdür.

Lakin Qarabağdakı ermənilər artıq etirazlara başlayıb. İşğal altındakı Xankəndidə keçirilən aksiyada ermənilər Bako Saakyanın, Araik Artünyanın və Mais Mailyanın istefa verməsini, “seçkinin” ləğv edilməsini tələb ediblər. Erməni siyasətçi Artur Osipyan bildirib ki, koronavirus pandemiyasına görə fövqəladə vəziyyət elan olunmalı və “seçki” keçirilməməli idi.

“Lakin “seçki”ni keçirdilər, indi də ikinci tura hazırlaşırlar. Fövqəladə vəziyyət elan etməyiblər, amma aksiyanın keçirilməsini virus təhlükəsinə səbəb olduğunu deyirlər. Ermənistan hakimiyyəti başda olmaqla bu komanda istəyir ki, saxtakarlığa heç kim etiraz edə bilməsin”, - Osipyan qeyd edib.

Beynəlxalq ictimaiyyətin qondarma “seçkiləri” birmənalı olaraq rədd etməsi işğalçı ölkə üçün böyük zərbə oldu. Hərçənd, zərbə bu dəfə daha ağır idi, çünki əvvəlki illərdən fərqli olaraq, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da çox oldu, həmçinin, ölkələrin və beynəlxalq təşkilatların qondarma “seçkiləri” pisləməsinə dair mövqeləri açıq bəyanat formasında ifadə edildi.

Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digər ölkələr “seçkiləri” qəti şəkildə pislədi, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu.

Türkiyədən uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş Natoya qədər dünya ictimaiyyətinin qondarma “seçkilərlə” bağlı rəyi yekdildir:

- Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur.

- Qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyildir.

- Qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir.

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur.

- Münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur.

Avropa, Asiya, Afrika, Latın Amerikası və Okeaniyadan 120 dövləti özündə birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatı da qondarma “seçkiləri” tanımadığına dair bəyanat yayımladı. Bəyanatda ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını da vurğulanıb.

Bütün dünyanın işğalçı Ermənistanın “seçki” şousuna etirazı o deməkdir ki, işğal altındakı ərazilərdə seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər.

Dünya ictimaiyyəti bir daha rəsmi İrəvana “qırmızı kart” göstərdi və işğalın, onun nəticələrinin heç vaxt qəbul edilməyəcəyi mesajını verdi. Beləliklə, bütün dünya bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.

Bu situasiyada işğalçı Ermənistan “seçki”, “demokratiya” şoularından imtina etməli, real sülh danışıqlarında iştirak etməli və qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər. Bunun başqa yolu yoxdur.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR