Pandemiya dövründə sahibkarlara dəstək mexanizmi -

Məlumdur ki, pandemiya dövründə iqtisadiyyatın bir çox sektoruna dəyən ziyan sahibkarları çıxılmaz vəziyyətdə qoyub. Koronavirus pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.

Bəs hazırki, vəziyyətdə daha hansı addımların atılması sahibkarlığın inkişafına müsbət təsir edə bilər?

Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir.

“Bu mexanizmin tətbiqi girov yetərsizliyi olan sahibkarların layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaqdır. Kredit faizlərinin subsidiyalaşdırılması kiçik və ya orta sahibkarlıq subyektlərinin ucuz maliyyə vəsaiti ilə təmin olunmasına şərait yardacaqdır ki, bu da sahibkarların maliyyə xərclərinin azalmasına, fəaliyyətinin daha da genişlənməsinə imkan verəcək. Həmçinin elektron kredit platforması şəffaflıq, zamana vəd edir ki, bununla da sağlam rəqabət mühiti formalaşır, sahibkarların kreditlərə çıxış imkanı genişlənir.

Artıq biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.’’

İyunun 30 da mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, pandemiya dövründə 130 min sahibkara maliyyə dəstəyi göstərilib.

Nazirin sözlərinə görə pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən edilib. Həmin sahələrə pandemiyadan az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib. Mikayıl Cabbarov konfransda sahibkarlara dəstək üçün yeni mexanizmin həyata keçirildiyi bildirmişdi. Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.


Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

Pandemiya Avropada...

Pandemiya bütün dünya ölkələrinin iqtisadiyyatında dərin problemlər yaratdı desək yanılmarıq.

Koronovirus özü də olmasa, onun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən qlobal iqtisadi artım bu il 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstərici 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacaq.

Ötən həftə maliyyə bazarlarında çox kəskin qiymət enməsi müşahidə olunub. Ümumən 3 trilyondan artıq, inkişaf etməkdə olan ölkələrin səhm və istiqrazları isə 1,1 trilyon ABŞ dolları dəyərində ucuzlaşıb. Əsas zərbə virusun mənbəyi hesab olunan Çinə dəyib. Bu ölkədə ÜDM artımı ötən il 6,1 faiz olduğu halda, 2020-ci ilin birinci rübündə 5 faizdən də aşağı qeydə alınacaq. Lakin ikinci rübdə tempin artacağı da gözlənilir. “Morgan Stanley” şirkətinin proqnozlarına görə virusun qarşısının alınması çevikliyindən aslı olaraq Çində ÜDM-in artımı bütünlükdə 2020-ci il üçün müvafiq olaraq 5,6 – 5,9 faiz intervalında dəyişəcək.

İqtisadçı-ekspert Murad Calalov bildirdi ki, pandemiya dövründə iqtisadiyyatın bu böhranı idarə etməsinə kömək etmək üçün Almaniya hökuməti Avropa Komissiyasının Dövlət Yardımı Müvəqqəti Çərçivəsinə əsaslanan tədbirlər paketi haqqında qərar verdi. Bu qərarda tədbirlər planı zəmanətlərdən tutmuş, yardımlara, kapital qoyuluşlarına və Almaniyanın dövlət inkisaf bankı yəni, Yenidənqurma Kredit İnstitutunun dəstəyi ilə verilən kreditlərə qədər bir çox sahəni əhatə edir.

“Sahibkarlıq Krediti və start up kreditləri 23 Mart 2020-ci ildən etibarən investisiyaların, dövriyyə kapitalının və digər şirkətlərdən aktivlərin alınması üçün mövcuddur.

Avropa Sabitlik Mexanizmi, COVID-19 böhranı fonunda tənzimlənən mövcud ehtiyat kredit xətti əsasında Pandemik Böhran Dəstəyini qurdu. Bu da Avro bölgəsinə üzv olan bütün ölkələrə ÜDM-nin 2% -nə kimi, ümumi dəyəri 240 milyard avroya qədər olan kreditləri təmin edə bilir.
Avro zonasına daxil olan 19 ölkədən məsələn Avstrya təqribi 13milyard Avro, Italiya 11 milyard Avro sahibkarlığa və digər buna yaxın sahələrə dəstək paketi hazırlayıb.

Almaniya Yenidənqurma Kredit İnstitutu tərəfindən 2020-ci ilin iyun ayının əvvəlinə qədər ümumi həcmi 45 milyard avrodan çox olan 57.000 müraciət qəbul edildi. Bunlardan 55.000-ə yaxın ərizə təsdiqləndi. Yenidənqurma Kredit İnstitutu tərəfindən dəstəklənən kreditlər 31 dekabr 2020-ci ilə qədər mövcud olduğundan, bu məbləğin artacağı gözlənilir.

Bu şərtlərə cavab verən hər şirkətlər qrupu üçün maksimum 1 milyard avro məbləğində kredit ayrılır, ancaq bu da təbii ki, bütün şirkətlər qrupuna şamil edilmir. Hər şirkətin nə qədər kredit alacağı məbləğ isə müraciət edən şirkəti müxtəlif şərtlərlə məhdudlaşır. 2019-cu il üçün illik dövriyyəsinin 25% -i ilə, müraciət edən şirkətin kiçik və orta şirkətlər halında növbəti 18 ay üçün və ya böyük şirkətlərə görə isə 12 ay üçün cari likvidlik tələbləri və s. şərtlərlə məhdudlaşır.

COVID-19 pandemiyası sahibkarlıq sahəsində daha kiçik bizness sahələrinin böyüməsinə çətinliklər yaratsa da rəqəmsal maliyyə xidmətlərindən istifadəni də ön plana çəkmiş oldu. Aşağı gəlirli ev təsərrüfatları və kiçik firmalar mobil pul, fintech xidmətləri və onlayn bankçılıqdakı üstünlüklərdən böyük fayda əldə edə bilərlər. Beləliklə də rəqəmsal maliyyə xidmətlərindən istifadə iqtisadi artıma təkan verə bilər.”

2020-ci ildə dünya iqtisadiyyatında müşahidə edilən şok tamamilə fərqlidir, məhdudlaşdırma siyasəti istehsaldan tutmuş xidmətə qədər bir çox sahəni əhatə edərək ciddi şəkildə maneə törədir. Bu səbəbdən, COVID-19-un iqtisadi nəticəsi, 2007-2009-cu illərdən daha pis görünür, çünki bu qədər qısa müddətdə iqtisadiyyatın belə sürətli çökməsi baş verir. Hətta altı ay ərzində müəyyən məqbul səviyyədə gəlir əldə olunsa belə, bəzi firmaların iflasının işsizlikdən tutmuş bank balansındakı mənfi borclara qədər bir çox problemlərə yol açacağı ehtimal olunur.

Yaranmış vəziyyətdən çıxış yoluna gəldikdə isə..

“İnflyasiya dövründə iqtisadi sabitliyi balansda saxlamaq ve hətta Monetar genişlənməni artırmaq üçün MB-ların atacağı ilk addım faiz dərəcələrini aşağı endirməsi və yaxud inkişaf etmiş ölkərdə faiz dərəcəsini sıfırda saxlamasıdır. Bu ilk proses artıq bir çox ölkə və bölgələrdə həyata keçirildi. Bundan sonra isə dövlətin görəcəyi ilk tədbir əsas diqqətin sahibkarlara və sahibkarlığa yönəltməsidir. Çünki ölkənin maliyyə dövriyyəsinə sahibkarların təsiri çox böyükdür. İnflyasiya dövründə bu addımların atılması dövlət üçün bir o qədər də asan başa gəlməyə bilər. Amma ölkədə uzun zaman kəsiyi üçün ölkə iqitisadiyyatının canlanmasını təmin edəcəkdir.’’

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR