"Türkiyə və Rusiya bu məsələdə qarşıdurmadan yayına bilməyəcəklər" -

“Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi qlobal münaqişə astanasındadır. Bəlkə bu yanaşma sizə bir qədər sərt, bir qədər utopik səslənə bilər. Lakin bir reallıq var ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər an dondurulmuş münaqişə statusundan qlobal qarşıdurma sferasına keçə bilər”.

Metbuat.az xəbər verir ki, bu sözləri cəbhədəki vəziyyəti saytımıza şərhedən politoloq Turan Rzayev deyib. Politoloq bildirib ki, Azərbaycan-Ermənistan arasındakı münaqişə Türkiyə və Rusiya arasında siyasi münaqişə yarada bilər:

“Türkiyə və Rusiya bu gün tarixlərində olmadıqları qədər yaxınlaşıb, hərbi, iqtisadi, siyasi sahədə əməkdaşlıq edirlər. Regionun bu iki qüdrətli ölkəsi hər nə qədər ortaq maraq çərçivəsində hərəkət etmiş kimi görünsələr də, real mənzərə fərqlidir. Rusiya-Türkiyə münasibətlərinin hazırki vəziyyətini analiz etmək üçün hansı sınaqlardan keçdiklərinə nəzər salmaq lazımdır. Məsələ ondadır ki, rəsmi Moskva və Ankara Suriyada və Liviyada iki böyük sınaqdan keçdi. Dünyanın nəfəsini tutub "aralanın, Namiqlə Makedon vuruşacaqlar" dediyi bir zamanda, hər dəfə siyasi proqnozlar alt-üst oldu. Bəli, Ərdoğan və Putin gözlənilmədən ortaq məxrəcə gələ bildi. Bu gün də Suriya və Lliviyada ortaq maraqlar çərçivəsində iki ölkə xoş, firavan siyasi varlıqlarını qoruyurlar.

Lakin elə bir mövzu var ki, düşünürəm bu məsələdə rəsmi Ankara və Moskva nəinki uzlaşmaq, heç yaranacaq potensial siyasi qarşıdurmadan yayına bilməyəcəklər. Bunu Rusiya da bilir, Türkiyə də, Azərbaycan da bilir. Təəssüf ki, Ermənistan da bilir. Məhz Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribat törətməsinin pərdəarxası məqamlarından biri də budur. Rəsmi İrəvan onsuzda uzun müddətdir Moskvanın təsirindən çıxıb Qərbə yaxınlaşmaq istəyir. Lakin burada bir əmma var. Ermənistan Ukrayna və Gürcüstanın başına gələnləri yaxşı bilir. Onu da yaxşı bilir ki, Rusiya olmasa, Qafqazda Ermənistan deyə bir dövlət də olmaz. Buna görə də daha məkrli bir plan qurmaq lazımdır. Əsl erməni xislətinə yaraşan, lakin dənizdən-dənizə böyük Ermənistan planını belə geridə qoyacaq yeni bir plan”.

Turan Rzayev həmçinin qeyd edib ki, Rusiya Liviyadakı cəhdləri ilə Türkiyənin diqqətini Qafqazdan ayırmağa çalışır:

“Təbii ki, Moskva Türkiyəni gözdağı ilə qorxuda bilməyəcəyini yaxşı anlayır. Onu da yaxşı bilir ki, Türkiyəni taktika ilə heç ABŞ belə qorxuda bilməyib. Məhz buna görə də Rusiya Türkiyənin başını Liviyada qatmağa çalışır. Türkiyənin üzünü Qafqaza çevirməsi ilə Liviyada vəziyyət yenidən dəyişməyə başladı. Xüsusilə də Türkiyənin dəstəyi ilə Saracın Haftara son ölümcül zərbəni vurmağa hazırlaşdığı bir zamanda. Məsələ ondadır ki, Sisi Liviyanın Tobruq şəhərinə Xəlifə Haftara dəstək məqsədilə hərbi ləvazimat göndərib. Misirin belə bir addım atması faktiki olaraq növbəti etabda texnika və canlı qüvvə ilə davam edəcək. Maraqlı məqam isə rəsmi Qahirənin bu kimi bir addımı özbaşına atması da inandırıcı deyil. Moskva bu yolla Türkiyənin diqqətini yenidən Liviyaya çəkmək, beləcə Qafqazda baş verən münaqişəni özü nizamlamaq istəyir”.

Cavidan Mirzəzadə \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı