Aybəniz Haşımova qızının erməni ilə olan fotosundan danışdı:

"Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Mən hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir".

Metbuat.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial media hesabında qeyd edib. Belə ki, o, qızı Aynişanın erməni ilə fotosunun yayılması ilə bağlı xəbərlərə belə cavab verib:

"Bu 10 ildir davam edir. Lakin, XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.

Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır...

Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında baş verib. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.

Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək, səmimi insanların vətənpərvərlik hisslərindən istifadə etmək təxribatçıların işidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı