Beyləqanda mal-qara oğurlayan mütəşəkkil dəstə ələ keçdi

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.

Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR