Politoloq: Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir

Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Mirtural Mirsultanov deyib. O qeyd edib ki, münasibətlər həm ictimaiyyətlər arasında, həm də dövlət rəsmiləri və siyasətçilər tərəfindən daha çox "bir millət, iki dövlət" şüarı ilə xarakterizə edilir:

"Bu, münasibətlərin təməlində tarixi, mədəni, milli, dini, ictimai və digər bu cür səbəblərin yer almasından qaynaqlanır. Ancaq müasir beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri üçün "strateji ortaq" ifadəsi daha uyğun gəlir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Müstəqilliyə qovuşmasından etibarən Azərbaycanda Türk sərmayəsinin, son illərdə isə Türkiyədə Azərbaycan sərmayəsinin rolu ciddi olub. Türkiyə Azərbaycanda qeyri-enerji sektorundakı ən böyük yatırımçıdır ki, bu iqtisadiyyatı enerji sektoruna xeyli dərəcədə bağlı olan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir, türkdilli dövlətlər arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bütün türk dünyasına ünvanladığı "Biz birlikdə güclüyük!" mesajı mövcud problemlərin həllində vahid mövqenin ortaya qoyulmasına, hədəflərə çatmaq üçün birgə fəaliyyətin göstərilməsinə işarədir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında qeyd etmişdir: "Prinsip etibarilə mən məmnunam. Çünki 10 noyabrda imzalanmış Bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi və buna biz nail olduq. Dekabrın 1-də bu bölgələr bizə qayıtdı. Eyni zamanda, Bəyanatda göstərilən digər məsələlərlə bağlı, hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki, icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır. Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir."

Bəzi məsələlər var ki, onlar 10 noyabr Bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir. Hər birimiz ümid edirik ki, 10 noyabr razılaşmalarının tam şəkildə həyata keçməsi bölgədə sülh və əminamanlığı bərqarar edəcəkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR