Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda erkən (əmək qabiliyyətli yaşda) ölümlə bağlı statistikanın kritik olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, erkən ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir:

"Ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir.

Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib.

1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58%-dən 38%-ə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb.

Qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir. 1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.

Qadınlar üzrə nəticə belədir: 1990-2005-ci illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir".

Ekspert qeyd edib ki, Azərbaycan əhalisinin 7,2%-i 65 və yuxarı yaşda insanlardır:

"Bölgələr üzrə mənzərə fərqlidir. Həmin göstərici Tərtər üzrə 12%, Gədəbəy üzrə 9% ətrafındadır. Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9% intervalında dəyişir.

Ən aşağı göstərici Abşeron (3.5%), Yardımlı (5%), Cəlilabad (5,1%), və Neftçalada (5,2%) qeydə alınıb.

Yaşlı əhalinin payına adətən 2 amil təsir edir. Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır.

Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır. Yaşlı əhalinin xüsusi çəkisi əsasən ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır - 5-6% intervalında".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR