"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller Beynəlxalq İşgüzar Konqressin illik yığıncağında bildirib.
O vurğulayıb ki, 2014-cü ilin yekunu üzrə Avropa İttifaqının qaz idxalında "Qazprom"un payı 2/3-ni, istehlakda 30%-ni təşkil edib.
"Avropa bazarlarında idxal tədarüklərində pay yalnız artacaq. Son 15 il ərzində idxal payı 17% artıb və növbəti 15 il ərzində analoji qədər də artacaq", - deyə o əlavə edib.
"Və buna görə də sual yaranır: Avropa hardan, hansı mənbələrdən qaz əldə edəcək?
Bir vaxtlar Avropa bazarında maye qaza ümidlər yaranmışdı, lakin Avropa maye təbii qaz (MTQ) uğrunda mübarizəni uduzdu", - deyə o bildirib və qeyd edib ki, Avropada MTQ-nin payı 30%-dən 17%-ə düşüb.
A.Miller, həmçinin Azərbaycandan Avropaya çəkilməsi nəzərdə tutulan TAP qaz kəməri layihəsi ilə bağlı da fikir bildirib. O qeyd edib ki, 4 il əvvəl layihə iştirakçıları tədarükə 2017-ci ildə başlamağı planlaşdırırdılar.
"Hazırda 2021-ci ildən danışırlar və 4 il ərzində hər il zaman əlavə olunur. Ekspertlərin rəyinə görə, bu tendensiya hələ davam edəcək", - deyə A.Miller bildirib.